• 30 İyun 2022
logo
Prezident İlham Əliyev: “Biz nəhəng enerji layihələrini həyata keçirməyə qadirik”

Prezident İlham Əliyev: “Biz nəhəng enerji layihələrini həyata keçirməyə qadirik”

Azərbaycandan Gürcüstanın Qara dəniz sahilinə ilk neft kəməri olan Supsanın açılışı bizə ixraca başlamağa və bir çox ölkənin ehtiyaclarını qarşılamağa imkan verdi.
Bu barədə bu gün Bakı Enerji Həftəsi çərçivəsində Xəzəryanı regionun energetika sektorunda ən böyük tədbir – 27-ci Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas” 2022 sərgisinin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
“Enerji təhlükəsizliyi tam təmin edilmirdi. Elektrik kəsintiləri, qaz tədarükü problemləri var idi. Beləliklə, biz öz enerji təhlükəsizliyimizin təmin edilməsi üçün çox çalışmağa başladıq və bu baş verdi. Biz eyni zamanda, paralel olaraq beynəlxalq investorlarla, neft istehsalının artırılması və beynəlxalq bazarlara çatdırılması məqsədi ilə dünyanın aparıcı enerji şirkətləri ilə fəal işləyirdik.
Ötən əsrin sonunda önəmli hadisə baş verdi: Azərbaycandan Gürcüstanın Qara dəniz sahilinə ilk neft kəməri olan Supsanın açılışı oldu. Bu, bizə ixraca başlamağa və bir çox ölkənin ehtiyaclarını qarşılamağa imkan verdi”, - Prezident İlham Əliyev vurğulayıb.
Prezident qeyd edib ki, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışından sonra Azərbaycan qazının ilk dəfə ixracına başlanılıb.
Dövlət başçısı vurğulayıb ki, Bakı-Tbilisi-Ceyhan, eləcə də Azərbaycanın bütün digər enerji nəqli infrastrukturu layihələri fasiləsiz fəaliyyət göstərir: “Əlbəttə, bu, proqnozlaşdırıla bilənliyi, etibarlılığı nümayiş etdirir. Bu nümayiş etdirir ki, biz belə nəhəng infrastruktur layihələrini həyata keçirməyə qadirik”.