• 4 İyul 2025
logo
Britaniyalı nazir: “Azərbaycanla işləməyə hazırıq”

Britaniyalı nazir: “Azərbaycanla işləməyə hazırıq”

“Hazırda Ukraynada baş verən hadisələrin fonunda və mövcud şərtlərin yaratdığı reallığı diqqətə alaraq enerji ilə bağlı qarşılaşdığımız çətinlikləri qeyd etməliyik”.
Bunu bu gün 27-ci Bakı Enerji Forumunun rəsmi açılışında tədbirə videokonfrans formatında qoşulan Böyük Britaniyanın biznes, enerji və təmiz inkişaf üzrə dövlət naziri Qreq Hands bildirib.
Britaniyalı nazir deyib ki, artıq birlikdə həmişəkindən daha çox çalışmalıyıq: “Təmiz enerjinin istehsal olunması sahəsində işimizi gücləndirməliyik. Bu gün Azərbaycan Gürcüstan, Türkiyə və Avropada mövcud olan tərəfdaşlar üçün təbii qazın etibarlı və standart tərəfdaşı kimi çıxış edir. Bu baxımdan düşünürəm ki, Cənub Qaz Dəhlizi Azərbaycandan başlayaraq mühüm nailiyyətlər göstərməkdədir. Cənub Qaz Dəhlizinin genişləndirilməsi Avropanın təbii qaz təchizatının şaxələnməsində əsaslı surətdə dəstək göstərir. Ümumən götürdükdə isə bu, ənənəvi enerjidir və bunun tədricən azaldılması və təmiz enerjiyə keçilməsi əsasdır”.
Qreq Hands vurğulayıb ki, Azərbaycan hökumətinin üzərinə götürdüyü öhdəlikləri yüksək qiymətləndirir: “Azərbaycanın eyni zamanda təmiz enerjiyə keçidlər bağlı öhdəliklərini də yüksək qiymətləndiririk. Əlbəttə bu, sıfır emissiyanın üstünlüklərindən biridir və enerji təhlükəsizliyində özünü göstərməkdədir. Sıfır emissiya eyni zamanda ölkənin inkişaf etməsi, çiçəklənməsi deməkdir. Qazın qiymətinin artması təmiz enerjiyə investisiya yatırılmasını daha da zəruri etməkdədir. Birləşmiş Krallıq şirkətləri Azərbaycanla son 30 il ərzində yaxın tərəfdaş kimi çıxış edib və 2050-ci ilə kimi sıfır emissiya olmaqla ambissiyalı planlar var”.
Nazir qeyd edib ki, Azərbaycan kimi ölkələr sıfır emissiya baxımından qabaqcıl rol oynamaqdadır: “Bu da temperaturla bağlı 1,5 Selsi hədəfdir. Vacib məsələlərdən biri də odur ki, ötən il Qlazqo İqlim Paktı imzalanıb. Düşünürəm ki, biz bu sahədə işimizi davam etdirməli və bütün bunları həyata keçirmək üçün üzərimizə öhdəlik götürməliyik. Cənab prezident, Birləşmiş Krallıq hökuməti Azərbaycanla və bütün tərəfdaşlarla işləməyə hazırdır. Bu məqsədlə qlobal təmiz enerjiyə keçidi gücləndirməklə bağlı öhdəlik götürür. Düşünürəm ki, bunlar hamısı enerji təhlükəsizliyini gücləndirməyə kömək edəcək”.