• 5 Dekabr 2020
logo
Bakının içməli su təchizatının yaxşılaşdırılması üçün yeni layihələrə başlanıb

Bakının içməli su təchizatının yaxşılaşdırılması üçün yeni layihələrə başlanıb

Bakı şəhəri Xətai rayonu Məzahir Rüstəmov, Sarayevo, Qaçaq Nəbi, Seyid Əzim Şirvani küçələrində, Babək prospekti və Məhəmməd Hadi küçəsinin bir hissəsində, həmçinin Neapol dairəsi ərazisində yaşayan sakinlərin içməli su təchizatının yaxşılaşdırmaq məqsədilə “Azərsu” ASC tərəfindən yeni layihənin icrasına başlanılıb.

"Azərsu" ASC-dən verilən məlumata görə, indiyədək bu ərazilərin paylayıcı su şəbəkəsinə içməli su 400 və 500 mm diametrli 2 magistral xətt vasitəsilə verilib.

Qeyd edilir ki, yaşayış massivləri salınarkən inşa edilmiş bu xətlər uzun müddətdir istismar olunaraq qəzalı vəziyyətə düşdüyündən normal su təchizatını aparmaq mümkün olmurdu:

"Bu səbəbdən ərazini içməli su ilə təmin edən kəmərlər yenisi ilə əvəzlənir. Layihə çərçivəsində adıçəkilən küçələrdə 1000 mm diametrli borularla 3 km uzunluğunda yeni magistral su kəmərinin tikintisi həyata keçirilir. Magistral kəmər boyu 1,8 km uzunluğunda müşaiyətedici xətt də inşa edilir. Layihənin qısa müddətdə başa çatdırılması məqsədilə tikinti işləri eyni vaxtda 4 nöqtədə aparılır. Qısa müddət ərzində magistral kəmərin 25 faizindən çoxu çəkilib və tikinti-quraşdırma işlərinin ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.

Magistral kəmərin tikintisi başa çatdıqdan sonra şəbəkəyə birləşmələr veriləcək. Bununla da, Məzahir Rüstəmov, Sarayevo, Qaçaq Nəbi, Seyid Əzim Şirvani, Məhəmməd Hadi küçələrində, həmçinin Babək prospekti və Neapol dairəsi ərazisində yaşayan sakinlərin dayanıqlı su təchizatı təmin olunacaq. İçməli suyun optimal idarə olunması məqsədilə magistral və şəbəkə xətləri üzərində müxtəlif nöqtələrdə 21 siyirtmə quyusu tikiləcək, yanğın təhlükəsizliyi üçün 3 hidrant quraşdırılacaq.

Tikinti-quraşdırma işləri başa çatdıqdan sonra ərazidəki yol infrastrukturu da yenidən qurulacaq".