• 27 Noyabr 2020
logo
1000 peşə üzrə peşə və kvalifikasiya standartlarının hazırlanması tələb olunacaq

1000 peşə üzrə peşə və kvalifikasiya standartlarının hazırlanması tələb olunacaq

Respublikada həyata keçirilən sosial islahatların bir istiqaməti də əmək ehtiyatlarının keyfiyyətinin yüksəldilməsi və əmək bazarının səmərəliliyinin artırılmasıdır. Peşə standartlarının hazırlanması və tətbiqi bu baxımdan çox mühüm əhəmiyyət kəsb edir.

Nazirlər Kabinetindən verilən məlumata görə, peşə standartı müvafiq peşə sahələrində işçilərin yerinə yetirdikləri əmək funksiyalarına qoyulan ümumi tələbləri, işçinin bilik, bacarıq və vərdişləri nəzərə alınmaqla, əmək funksiyalarını yerinə yetirməsinə imkan verəcək vəzifə öhdəliklərini və fəaliyyətləri özündə əks etdirəcək.

Qəbul olunmuş qaydalara əsasən, iqtisadiyyatın müxtəlif sahələrində işçilərin peşə bacarıqlarına ehtiyaclarının öyrənilməsi, peşə və kvalifikasiya standartlarının hazırlanması ilə bağlı müzakirələrin keçirilməsi və qərarların qəbul edilməsi məqsədilə sahə komissiyaları yaradılır. Sahə komissiyalarının əsas vəzifəsi dövlət orqanları, təhsil müəssisələri, işəgötürənlər, həmkarlar və onların birlikləri tərəfindən həyata keçirilən fəaliyyətin əlaqələndirilməsi olacaqdır. Sahə komissiyalarının iqtisadiyyatın 14 sahəsi üzrə fəaliyyət göstərəcəkləri nəzərdə tutulur.

Peşə və kvalifikasiya standartları əmək məhsuldarlığının yüksəlməsində, işçi qüvvəsinin mobilliyində, əldə edilmiş bilik və bacarıqların tanınması üçün zəruri olan normativ sənəddir. Əmək bazarının təhlili əsasında müəyyən olunmuşdur ki, ölkədə orta hesabla 1000 peşə üzrə peşə və kvalifikasiya standartların hazırlanması tələb olunacaq.

Həmçinin qeyd olunmalıdır ki, işçi qüvvəsinin işəgötürənlərin tələbinə cavab verməsi, tədris proqramlarının əmək bazarının tələblərinə uyğun hazırlanması məqsədilə işəgötürənlər də peşə və kvalifikasiya standartlarının hazırlanması prosesinə cəlb ediləcəkdir və standartlar məhz işəgötürənlərin tələbi əsasında formalaşdırılacaq.