• 29 May 2022
logo
Bakının bir neçə prospektində təmir işləri aparılacaq

Bakının bir neçə prospektində təmir işləri aparılacaq - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ

Bakıda 30 aprel və 01 may tarixlərində (şənbə və bazar günləri) bir neçə prospektlərin müəyyən hissələrində təmir işləri aparılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, 30 aprel saat 08:00-dan 01 may saat 20:00-dək Azadlıq prospektinin İzzət Həmidov və Sahib Zeynalov küçələri arasında yerləşən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Məlumata görə, 30 aprel saat 08:00-dan 01 may saat 20:00-dək Nizami rayonu, Qara Qarayev prospektində (YAP-ın inzibati binasının önü). aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Qeyd olunur ki, 01 may saat 08:00-dan saat 20:00-dək Heydər Əliyev prospektində Bağırov körpüsünün çıxış hissəsində (Koroğlu yol qovşağı istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
“Sürücülərdən sözügedən küçə və prospektlərdə aparılacaq təmir işlərinə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri, qeyd olunan tarixlərdə təmir işlərinin aparıldığı ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur”, - məlumatda qeyd olunur.