• 21 May 2022
logo
Turizm sektorunda yenidən canlanma

Turizm sektorunda yenidən canlanma

Bu ilin əvvəlindən ərəb ölkələrindən gələnlərin sayı 3 dəfə artıb

Pandemiyanın səngiməsi ilə Azərbaycanda turizm sektorunda yenidən canlanma müşahidə olunur. Qeyri-neft sektorunda xaricdən ölkəyə valyuta axını baxımından ən gəlirli sahə olan turizmdə aktivləşmə xidmət sektorunda iqtisadi aktivliyin və iş yerlərinin bərpası baxımından çox əhəmiyyətlidir. Xüsusən də gözünü yay mövsümündə turistlərin gəlişinə dikmiş sahibkarların, evlərini kirayə verənlərin, kiçik də olsa müyyən xidmətlər göstərib çörək pulu qazanmaq arzusunda olanların əsas ümid yerlərindən biridir.
Hər halda turizm sektorunda artım meyilləri var. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2022-ci ilin yanvar-mart aylarında Azərbaycana dünyanın 149 ölkəsindən 246,2 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 27,4 faizi Rusiya, 24,7 faizi Türkiyə, 14,4 faizi İran, 5,8 faizi Gürcüstan, 3,4 faizi Ukrayna, hər birindən 3,1 faiz olmaqla Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri, 2,0 faizi Pakistan, 1,6 faizi Küveyt, 1,3 faizi Qazaxıstan, hər birindən 1,2 faiz olmaqla Hindistan və Böyük Britaniya, hər birindən 0,8 faiz olmaqla Almaniya və Oman, hər birindən 0,7 faiz olmaqla Belarus və ABŞ, hər birindən 0,6 faiz olmaqla İsrail və Özbəkistan, 6,6 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 79,7 faizini kişilər, 20,3 faizini qadınlar təşkil edib.
Ərəblərin ölkəmizə axınında daha çox artım müşahidə edilir. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə Omandan gələnlərin sayı 649 dəfə, Səudiyyə Ərəbistanından - 168,5 dəfə, Küveytdən - 167,1 dəfə, Bəhreyndən - 50,4 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 47,7 dəfə, Pakistandan - 29,5 dəfə, Hindistandan - 11,0 dəfə, İsraildən - 6,3 dəfə, ABŞ-dan - 5,6 dəfə, Qazaxıstandan - 3,6 dəfə, Fransadan - 3,5 dəfə, Ukraynadan - 3,0 dəfə, Böyük Britaniyadan - 2,2 dəfə, İrandan - 1,9 dəfə, Türkiyədən - 1,9 dəfə, Rusiya Federasiyasından - 1,7 dəfə, Gürcüstandan - 14,9 faiz artmışdır. 2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 3,0 dəfə artaraq 58,3 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,5 dəfə artaraq 10,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,8 dəfə artaraq 84,3 min nəfər olmuşdur. Gələnlərin 54 faizi hava, 44,2 faizi dəmir yolu və avtomobil, 1,8 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Maraqlıdır ki, ölkədən gedənlərin sayında da artım müşahidə edilir. 2 ildir pandemiyanın şərtlərinə birtəhər səbr eləyib dözənlər yenidən xaricə üz tutmağa başlayıblar. Belə ki, 2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2,7 dəfə artaraq 298,5 min nəfər olub. İrana gedənlərin sayı 5,1 dəfə, Rusiyaya 2,6 dəfə, Türkiyəyə 2,6 dəfə, Gürcüstana 2,3 dəfə çoxalıb. Ölkə vətəndaşlarının 44,5 faizi Türkiyəyə, 18,7 faizi Rusiyaya, 12,9 faizi İrana, 8,0 faizi Gürcüstana, 15,9 faizi digər ölkələrə səfər edib. Gedənlərin 66,4 faizi kişilər, 33,6 faizi qadınlardır. Onların 58,4 faizi hava, 39,2 faizi dəmir yolu və avtomobil, 2,4 faizi isə dəniz nəqliyyatından istifadə ediblər.
Əslində turizm sektorunda 2021-ci il də durğunluq ili olub. Belə ki, keçən il ölkəyə dünyanın 167 ölkəsindən 791,8 min və ya 2020-ci illə müqayisədə 0,5 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlibr. Onların 4,6 faizi yanvar, 4,5 faizi fevral, 5,7 faizi mart, 5,8 faizi aprel, 6,5 faizi may, 8,5 faizi iyun, 10,6 faizi iyul, 9,7 faizi avqust, 9,4 faizi sentyabr, 11,5 faizi oktyabr, 10,9 faizi noyabr, 12,3 faizi isə dekabr ayında ölkəmizə səfər ediblər. Gələnlərin 82,0 faizini kişilər, 18,0 faizini qadınlar təşkil etmişdir.
2021-ci ildə ölkəmizə gələnlərin 32,6 faizi Rusiya, 25,0 faizi Türkiyə, 15,8 faizi İran, 7,9 faizi Gürcüstan, hər birindən 2,2 faiz olmaqla Ukrayna və Birləşmiş Ərəb Əmirlikləri, 1,2 faizi Böyük Britaniya, 1,1 faizi Səudiyyə Ərəbistanı, 0,9 faizi Qazaxıstan, 0,8 faizi İsrail, hər birindən 0,7 faiz olmaqla Almaniya, Belarus və Hindistan, 0,6 faizi ABŞ, 0,5 faizi Özbəkistan, hər birindən 0,4 faiz olmaqla İtaliya və Pakistan, 0,3 faizi Türkmənistan, 6,0 faizi digər ölkələrin vətəndaşları olmuşdur. 2020-ci illə müqayisədə Gürcüstandan gələnlərin sayı 66,0 faiz, Hindistandan - 55,3 faiz, Səudiyyə Ərəbistanından - 26,0 faiz, Özbəkistandan - 20,3 faiz, Qazaxıstandan - 18,5 faiz, Belarusdan - 5,1 faiz azalmış, Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayı 2,2 dəfə, İrandan - 72,2 faiz, ABŞ-dan - 69,3 faiz, Almaniyadan - 67,7 faiz, İsraildən - 57,0 faiz, Böyük Britaniyadan - 33,7 faiz, İtaliyadan - 24,0 faiz, Türkiyədən - 23,3 faiz, Rusiya Federasiyasından isə 14,7 faiz artmışdır. 2020-ci illə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 53,8 faiz artaraq 35,4 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 43,7 faiz artaraq 159,0 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 8,9 faiz artaraq 297,7 min nəfər olmuşdur. Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 49,8 faizi dəmir yolu və avtomobil, 48,0 faizi hava, 2,2 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
Keçən il xaricə gedənlərin sayında da azalma olub. Xarici ölkələrə gedən vətəndaşlarının ümumi sayı 2020-ci illə müqayisədə 16,3 faiz azalaraq 974,5 min nəfər olmuşdur. İrana gedənlərin sayı 80,6 faiz, Gürcüstana 75,3 faiz azalmış, Türkiyəyə gedənlərin sayı 2,4 dəfə, Rusiyaya isə 7,8 faiz artmışdır. Ölkə vətəndaşlarının 47,3 faizi Türkiyəyə, 24,3 faizi Rusiyaya, 7,8 faizi Gürcüstana, 6,8 faizi İrana, 13,8 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 66,3 faizini kişilər, 33,7 faizini qadınlar təşkil etmişdir. Göründüyü ki, Türkiyəyə axın əhəmiyyətli həcmdə çoxalmaqdadır.
Amma rəqəmlər göstərir ki, ötən il daxili turizmdə artım baş verib. Belə ki, 2021-ci ildə ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 2020-ci illə müqayisədə 78,7 faiz artaraq 1,787 milyon nəfər olub. Gecələmələrin 48,7 faizi Bakıda, 7,9 faizi Qəbələdə, 6,7 faizi Xaçmazda, 5,9 faizi Qubada, 5,8 faizi Şabranda, 4,2 faizi Lənkəranda, 3,9 faizi Qusarda, 2,7 faizi Naftalanda, 2,2 faizi Naxçıvan Muxtar Respublikasında, 1,6 faizi Şamaxıda, 1,5 faizi Qaxda, 1,1 faizi Masallıda, 1,0 faizi Mingəçevirdə və 6,8 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb. Ölkə vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2020-ci illə müqayisədə 2,4 dəfə artaraq 1372,8 min olmuşdur ki, bu da ümumi gecələmələrin 76,8 faizini təşkil edir.
Sərhədlərin açılması ilə həm ölkəyə gələnlərin, həm də gedənlərin sayında ciddi artım gözləniləndir. Arzu olunandır ki, daxili turizm daha çox inkişaf etsin, yəni yerli vətəndaşlar pullarını elə Azərbaycanda xərcləsinlər, valyuta xaricə axmasın. Ancaq bunun üçün ölkə daxilində daha əlverişli şərtlər, ucuz və keyfiyyətli xidmətlər təklif olunmalıdır. Ölkədəki bahalı turizm xidmətləri yerli vətəndaşları xaricə, xüsusən də Türkiyəyə üz tutmağa vadar edir.
Har halda pandemiya turizmə böyük ziyan vurdu, son 2 ildə otellər, restoranlar gözləməli olublar. Bəlkə də xidmət sektorunda ən cox ziyan görən sahədir. Amma gərək sahibkarlar 2 ildə itirdiklərini bu mövsümdə maksimum şəkildə çıxarmağa çalışmasınlar. Əks halda yenə də yerli turistləri, potensial müştərilərini qaçıracaqlar xaricə. Nəzərə almaq lazımdır ki, turizm iqtisadiyyatın əlverişli bir hissəsi olmaqla kiçik və orta sahibkarlıq üçün yaxşı baza yaradır. Regionlarda turizmin inkişafı yeni iş yerlərinin açılmasına kömək edir, regionun infrastrukturunun formalaşdırılmasında mühüm rol oynayır. Amma ölkəyə əsas pul gətirən və regionlarda xərcləyən də xarici turistlərdir. Doğrudur, onlar tələbi artırmaqla qiymət artımına şərait yaratmış olurlar ki, bu da yerli turistlər üçün arzu edilən hal deyil. Bununla belə, ölkəyə valyuta axını baş verir. Təsəvvür edin ki, 2019-cu ildə Azərbaycana 3,2 milyon turist gəlmişdi, ölkənin qazancı 4 milyard dollardan artıq hesablanırdı. Bu isə nəinki az rəqəm deyil, iqtisadi artıma, məşğulluğa, biznesə, sahibkarların gəlirlərinə təsir göstərə biləcək qədər ciddi vəsaitdir. Ona görə də ölkədə turizm sektorunda müşahidə olunan canlanma yenidən böyük gəlilərlərə böyük ümidlər yaradıb...
Mahir Həmzəoğlu