• 27 May 2022
logo
Sumqayıt Kimya Sənaye Parkının rezidenti Avropaya məhsul ixracına başlayıb

Sumqayıt Kimya Sənaye Parkının rezidenti Avropaya məhsul ixracına başlayıb

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Alco” MMC Avropa ölkələrinə - Almaniya, İtaliya, İngiltərə, Rumıniya və Bolqarıstana - sürtgü yağları və radiator mayesinin ixracına başlayıb.

Agentlikdən verilən məlumata görə, şirkət tərəfindən bu ölkələrə ilkin mərhələdə 2 min tondan çox məhsul göndərilib və növbəti mərhələdə bunun 10 min tona çatdırılması planlaşdırılır.

Qeyd edək ki, “Alco” MMC 2016-cı ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. İnvestisiya dəyəri 15 milyon ABŞ dolları olan müəssisədə 100-dək işçi çalışır. Müəssisə fəaliyyətə başlayandan 2021-ci ilin sonunadək 36 min tondan çox məhsul istehsal edilib ki, bunun da 6 min tonu daxili bazarda satılıb, 30 min tonu isə ixrac edilib.

İstehsal olunan məhsullar əsasən, Türkiyə, Gürcüstan, Ukrayna, İraq, Livan, Polşa, Moldova, Türkmənistan və başqa ölkələrə ixrac edilir.