• 27 May 2022
logo
Dövlət büdcəsinin gəlirləri proqnozları üstələyir...

Dövlət büdcəsinin gəlirləri proqnozları üstələyir...

Proqnozlaşdırıldığı kimi, 2022-ci ilin əvvəlindən Azərbaycanda dövlət büdcəsinin gəlirləri təmin olunur ki, bu da hökumətə nəzərdə tutulan xərcləri, sosial öhdəliklərini vaxtında yerinə yetirməyə imkan verir. Belə ki, bu ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri proqnoza qarşı 6,3 faiz və yaxud 418 milyon manat artıq olub, dövlət büdcəsinin gəliri 7,010 milyard manat təşkil edib. Bu barədə maliyyə naziri Samir Şərifov ölkə Prezidentnin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə zamanı məlumat verib.
Nazir qeyd edib ki, daxilolmalar üzrə proqnoz göstəriciləri Dövlət Vergi Xidməti üzrə 539 milyon manat və yaxud 23,8 faiz, Dövlət Gömrük Komitəsi xətti ilə isə 236 milyon manat və yaxud 23,7 faiz üstələməklə icra edilib. Sosial sığorta haqları üzrə isə 961 milyon manat proqnoza qarşı 1 milyard 41 milyon manat icra olunub. Dövlət Vergi Xidməti üzrə proqnozların artıqlaması ilə icra edilməsinin böyük hissəsi, yəni, 90 faizə yaxın hissəsi qeyri-neft sektoru üzrə gəlirlərin artması ilə bağlıdır. Ümumiyyətlə, qeyri-neft sektorundan gəlirlər birinci rübdə 80 faizdən yuxarı, ümumi daxilolmaların, vergi üzrə ümumi daxilolmaların 80 faizdən yuxarı hissəsini təşkil etmişdir. Belə vəziyyətdə Dövlət Neft Fondunun dövlət büdcəsinə nəzərdə tutulan transfertləri 3 milyard 180 milyon manata qarşı 2 milyard 757 milyon manat icra olunmuşdur, yəni, 423 milyon manat az. Bu da onunla bağlıdır ki, dövlət büdcəsinin icra göstəriciləri yüksəkdir.
Nazir vurğulayıb ki, birinci rüb üzrə büdcənin xərclərinin icrası adətən o qədər yüksək olmur. Amma cari ildə bu, 99 faizdir. Hətta belə bir yüksək icra səviyyəsi şəraitində dövlət büdcəsinin gəlirlərinin bir tərəfdən fiskal orqanlar tərəfindən artıqlaması ilə yerinə yetirilməsi, digər tərəfdən isə Dövlət Neft Fondundan 423 milyon manat məbləğində vəsaitin alınmaması şəraitində dövlət büdcəsinin profisiti 1 milyard 380 milyon manat təşkil etmişdir. Bu, olduqca gözəl bir göstəricidir. Dövlət büdcəsinin xərcləri, həmin dövr üzrə 5 milyard 630 milyon manat təşkil edib. Əsas dövlət vəzifələri, dövlətin büdcədən maliyyə yardımları və digər proqramlarının maliyyələşdirilməsi tam təmin olunmuşdur.
2022-ci ilin ilk rübündə dövlət büdcəsinə vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 34,4% artaraq 2 milyard 802.191,1 min manat təşkil edib və proqnoz 123,8% səviyyəsində icra olunub. İqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib ki, qeyri-neft sektoru üzrə daxilolmalar 48,9% artaraq 2 milyard 249.381,3 min manat olub və proqnoz 128,6% yerinə yetirilib.
Qeyd edək ki, 2022-ci ildə dövlət büdcəsinin gəlirlərinin 26,4 milyard manat, xərclərinin 29 milyard manat, kəsirin 2,6 milyard olacağı proqnozlaşdırılır. Bübcə gəlirləri ÜDM-in 32,5 faizini təşkil edəcək ki, bu da 2021-ci ilin təsdiq edilmiş göstəricisinə nisbətən 3,8 faiz çoxdur. Gəlirlərdə artım nəzərdə tutulub və ilin əvvəlindən əməkhaqları 20% artırılıb. Gəlirlərin 52,4 faizi neft sektorunun, 47,6 faizi qeyri-neft sektorunun payına düşəcək. Neft sektoru üzrə büdcə gəlirlərinin 85,7 faizini Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert, 14,3 faizini isə vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edəcəyi proqnozlaşdırılır. Amma Neft Fondundan transfertlər nəzərdə tutulandan az da ola bilər. Necə ki, ilin əvvəlində artıq belə tendensiya qeydə alınıb, 423 milyon manat az vəsait köçürülüb. Əslində hökumətin məqsədlərindən biri büdcənin neft amilindən asılılığını aradan qaldırmaqdır ki, bunun da başlıca yolu qeyri-neft sektorunun inkişafından keçir.
Neft sektoru üzrə büdcə gəlirlərinin 85,7 faizini Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert, 14,3 faizini isə vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edəcəyi proqnozlaşdırılır. Bununla yanaşı, vergi və gömrük sistemində islahatların davam etdirilməsi və pandemiyanın təsirlərinin azalması 2022-ci ildə qeyri-neft sektoru üzrə müvafiq daxilolmaların artımını 2021-ci ilin təsdiq olunmuş göstəricisi (Mərkəzi Bankın mənfəətindən ayırmalar və Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfert çıxılmaqla) ilə müqayisədə 1,8 milyard manat və ya 19,3 faiz artımla nəzərdə tutulur. Ötən ilin yekunlarına əsasən, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 45 milyard ABŞ dollarını üstələyib və fondun yaranma tarixindən etibarən investisiya fəaliyyəti çərçivəsində əldə olunan gəlir 10,2 milyard ABŞ dolları təşkil edib.
2022-ci ildə Neft Fondunun xərclərinin gəlirlərindən çox olacağı proqnozlaşdırılsa da, neftin il ərzində 100 dollardan baha olacağı təqdirdə gəlirlərin daha çox gözləniləndir. Belə ki, bu il fondun gəliləri 10,6 milyard manat, xərcləri 12,8 milyard manat proqnozlaşdırılıb. Ancaq gəlirlər dünya bazarında neftin qiymətlərindən asılı olaraq daha yüksək də ola bilər. Fonddan 2022-ci ilin dövlət büdcəsinə transfertin yuxarı həddi 12,7 milyard manat, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 27,8 milyon manat, “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 sentyabr tarixli 2931 nömrəli Sərəncamında nəzərdə tutulan Dövlət Proqramının maliyyələşdirilməsi 17,850 milyon manat, Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər 34 milyon manat nəzərdə tutulur.
2022-ci ildə də devalvasiyanın olmayacağı, manatın kursunun sabit qalacağı da gözləniləndir. Çünki hökumətin proqnozlarında ortamüddətli dövr üçün manatın məzənnəsinin ABŞ dollarına nisbətdə sabit qalması (1,7 manat) nəzərdə tutulur. Buna əsas verən asas amillər – neftin qiymətinin dövlət büdcəsində nəzərdə tutulandan baha olması, ölkənin kifayət qədər valyuta ehtiyatlarının (51 milyard dollar) olması, Mərkəzi Bankın maliyyə bazarına nəzarəti gücləndirməsi və əvvəlcədən məhdudlaşdırıcı addımların atılmasıdır. Digər tərəfdən, hökumət özü də manatın kəskin ucuzlaşmasında maraqlı deyil, çünki bu halda bötövlükdə iqtisadiyyatın itirəcəkləri qazancından daha çox olur, idxal malları bahalaşır, əhalinin, biznesin milli valyutaya və maliyyə-bank sektoruna inamı azalır və s.
Dövlət büdcəsinin gəlirlərinin və xərclərinin vaxtında irca olunması müsbət haldır. Bura pensiyaların da vaxtından əvvəl ödənilməsini əlavə etmək olar. Bunlarla belə, bu ilin əvvəlindən nəzərəçarpan qiymət artımları və inflyasiya da var. Bu isə əhalinin xərclərinin artmasına təsir göstərir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2022-ci ilin yanvar-mart aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-mart aylarına nisbətən 12,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17 faiz, qeyri-ərzaq məhsulları üzrə 6,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,1 faiz yüksəlib. Cari ilin mart ayında ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma vaflinin, peçenyenin, düyünün, unun, toyuq ətinin, təzə balığın, qatılaşdırılmış şəkərli südün, pendirin, yoqurtun, xamanın, süfrə marqarininin, kərə yağının, naringinin, heyvanın, narın, soğanın, kartofun, pomidorun, şəkər və şəkər tozunun, konfetlərin, çayın, qəhvə və kakao tozunun, kola içkisinin, limonadın, arağın, ucuzlaşma isə əsasən yumurtanın, bananın, limonun, kələmin və xiyarın qiymətlərində müşahidə olunub.
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2022-ci ilin mart ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,8 faiz, əvvəlki ilin mart ayına nisbətən 106,6 faiz təşkil edib. Martda qeyri-ərzaq məhsullarından daha çox bahalaşma yazı kağızlarının, inşaat materiallarının, mebellərin, məişət cihazlarının, sabunların, diş pastalarının, dezodorantların və zərgərlik məmulatlarının qiymətlərində baş verib. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər olmayıb. 2022-ci ilin mart ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,8 faiz, əvvəlki ilin mart ayına nisbətən 110,0 faiz təşkil edib. Mart ayında daha çox bahalaşma hava nəqliyyatı ilə beynəlxalq və dəmir yolu nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma, ictimai iaşə, bərbərxana və paltarların təmiri xidmətlərinin qiymətlərində müşahidə olunub.
Mahir Həmzəoğlu