• 29 Mart 2024
logo
Azərbaycanda bu il 42,2 milyard manatlıq sənaye məhsulu istehsal edilib

Azərbaycanda bu il 42,2 milyard manatlıq sənaye məhsulu istehsal edilib

Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2019-cu ilin yanvar-noyabr aylarında 42,2 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Bu 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çoxdur.

Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 13,9 faiz artıb. Sənaye məhsulunun 70,0 faizi mədənçıxarma sektorunda, 25,1 faizi emal sektorunda, 4,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft hasilatı 3,4 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 27,1 faiz artıb.

Emal sektorunda hazır metal məmulatlarının istehsalı 82,4 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 80,6 faiz, tütün məmulatlarının istehsalı 55,7 faiz, içkilərin istehsalı 40,0 faiz, poliqrafiya məhsullarının istehsalı 39,9 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 37,7 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 36,2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 30,9 faiz, mebel istehsalı 29,5 faiz, kimya sənayesi məhsullarının istehsalı 27,3 faiz, əczaçılıq məhsullarının istehsalı 24,7 faiz, kağız və karton istehsalı 23,4 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 17,1 faiz, geyim istehsalı 11,5 faiz, qida məhsullarının istehsalı 10,4 faiz, maşın və avadanlıqların istehsalı 5,2 faiz, tikinti materiallarının istehsalı 4,4 faiz, elektrik avadanlıqlarının istehsalı 1,3 faiz artmış, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 1,3 faiz, neft məhsullarının istehsalı 3,7 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 10,0 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 11,7 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 24,3 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,6 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 5,9 faiz artıb.