Beynəlxalq maliyyə institutları Azərbaycanda böyük istehsal və ixrac potensialına malik elektrik enerjisi istehsalı sektoruna maraq göstərirlər. Bu sektor ölkəmizdə neft-qaz sektorundan sonra investorlar üçün cəlbedici sahələrdən biridir. Belə qurumlar arasında Dünya Bankı, Asiya İnkişaf Bankı da var. Dünya Bankının ölkəmizlə çoxşaxəli əməkdaşlığında mühüm istiqamətlərdən biri enerji sektorudur və Azərbaycanın həyata keçirdiyi regional və beynəlxalq əhəmiyyətli enerji layihələrinə bank davamlı dəstək göstərir. Çünki Azərbaycanda "yaşıl texnologiyalar" sahəsinin maliyyələşdirilməsi üçün böyük potensial var.
BMT-nin İnkişaf Proqramı da ölkəmizdə "yaşıl" inkişafının maliyyələşdirilməsini dəstəkləyir. Çünki ölkənin enerji strategiyası və prioritetləri dayanıqlıdır, "yaşıl" ekosistem təkcə beynəlxalq münasibətlərin deyil, həm də tərəfdaşlıq və özəl münasibətlərin genişləndirilməsi üçün əlverişli məkandır. Hazırda hökumətin əsas hədəflərindən biri işğaldan azad edilmiş ərazilərimizin ən qısa müddətdə Azərbaycanın ümumi enerji sisteminə qoşulmasıdır. Azərbaycanın azad edilmiş ərazilərində "yaşıl enerji" zonasının yaradılması, ölkədə bərpa olunan enerji sektorunun inkişafı və 2030-cu ilədək karbon tullantılarının 35 faiz azaldılması nəzərdə tutulur.
Energetika naziri Pərviz Şahbazovun Bakıda səfərdə olan Dünya Bankı Qrupunun infrastruktur üzrə regional direktoru Çarles Cozef Kormierin rəhbərlik etdiyi missiya ilə görüşündə dənizdə külək enerjisinin istehsalına dair Yol Xəritəsi, ölkəmizdə elektrik enerjisi bazarının inkişafı, enerji səmərəliliyi, Azərbaycanın uzun müddətli enerji və iqlimlə bağlı planları, həmçinin yeni əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb. Bütün bu istiqamətlərin dekarbonizasiya prosesini əhatə etdiyi və ölkənin 2050-ci ilədək karbon emissiyalarının 40 faizədək azaldılmasını hədəflədiyi vurğulanıb. Eyni zamanda həyata keçirilən və planlaşdırılan bərpa olunan enerji layihələrinin ölkəmizin qlobal enerji keçidi prosesinə milli səviyyədə töhfəsini təmin etməklə bərabər tərəfdaşlarımızın enerji təchizatı üçün də yeni imkanlar yaratdığı bildirilib. Energetika naziri P.Şahbazov deyib ki, ağıllı və təmkinli enerji keçidi istiqamətində inamlı addımlarla irəliləyirik: “Bu xüsusda, dövlət başçısı tərəfindən sosial-iqtisadi inkişafın başlıca meyarlarından biri kimi müəyyənləşdirilən “yaşıl artım“ ölkəsinə çevrilməklə bağlı tədbirlər mühüm rol oynayır. Cənub Qaz Dəhlizi layihəsinin nümunəsində olduğu kimi birgə əməkdaşlığımız əsasında dənizdə külək enerjisi potensialından istifadə etməklə “yaşıl enerji”ni də müxtəlif formalarda və müxtəlif marşrutlarla Avropaya ixrac edə bilərik”.
Gələcəkdə “yaşıl” elektrik enerjisinin nəqli üçün Azərbaycan və Gürcüstanla Rumıniya arasında Qara dəniz sualtı elektrik enerjisi və rəqəmsal qoşulma layihəsinin əhəmiyyətindən bəhs edilib. Layihənin reallaşdırılması Dünya Bankı ilə əməkdaşlıq kontekstində nəzərdən keçirilib.Dünya Bankı ilə əməkdaşlıq gündəliyində olan məsələlərin hər biri ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Dünya Bankının Enerji və İnfrastruktur üzrə Missiyasının ölkəmizə səfəri çərçivəsində Azərbaycanın dənizdə külək enerjisinin inkişafı, enerji sektoru üçün potensial dekarbonizasiya yolları, karbonsuzlaşdırmanın planlaşdırılması və həyata keçirilməsi, elektrik enerjisi bazarının liberallaşdırılması və enerji səmərəliliyi mövzularında müzakirələr keçirilir.
Asiya İnkişaf Bankı (AİB) da Azərbaycanda üzən günəş elektrik stansiyasının hazırlanması layihəsinin miqyasını genişləndirə bilər. Bunu Trend-ə özəl müsahibəsində AİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kendis Makdeyqan deyib: "AİB hazırda "Üzən günəş elektrik stansiyasının hazırlanması" layihəsini reallaşdırır. Bu çərçivədə bəzi yüksək texnologiyaların pilot sınaqları keçiriləcək ki, bu da ölkələrə öz bilik və potensialında böyük sıçrayış etməyə və özəl sektorların yerüstü və üzən günəş batareyalarının inkişafı prosesində iştirakına hazırlığı yüksəltməyə imkan verəcək. Layihənin yekunlarına əsasən, AİB həm də Azərbaycanda üzən günəş elektrik stansiyasının hazırlanması layihəsinin miqyasını genişləndirə bilər". AİB azkarbonlu və bərpa olunan enerji mənbələrinin daha geniş istifadəsi, enerji təhlükəsizliyinin və iqlim dəyişikliklərinə dayanıqlılığın artırılması üçün infrastrukturun bərpası hesabına daha yoxsul və həssas ölkələrdə əsas enerji mənbələrinə çıxış imkanlarına prioritet diqqət ayırır. Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. AİB-in ölkədəki əməliyyatları özəl sektorun inkişafının stimullaşdırılması, dövlət sektorunun səmərəliliyinin artırılması, infrastrukturun təkmilləşdirilməsi və insan kapitalının möhkəmləndirilməsinə yönəlib.
Yalnız banklar deyil, böyük şirkətlər də elektrik enerjisi istehsalı sektoruna maraq göstərir. Zəngilan-Cəbrayıl zonasında 240 meqavatt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair bp şirkəti ilə Energetika Nazirliyi arasında müqavilə də imzalanıb. Bu isə heç də təsadüfi deyil. BP isə 2050-ci ilədək “xalis sıfır emissiya”lı şirkətə çevrilmək strategiyası qəbul edib. Növbəti onillik ərzində BP dünya üzrə bərpa olunan enerji işlənməsinə qoyduğu sərmayəni əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir və artıq uzunmüddətli və uğurlu tərəfdaşlıq qurduğu yerlərdə bu yönümdə yaranan imkanları araşdırır. Azərbaycanda otuz ilə yaxın enerji layihələrini təhlükəsiz və etibarlı şəkildə həyata keçirmək təcrübəsi olan bp Azərbaycanda “yaşıl enerji” keçidinə mühüm töhfələr verə bilər. Məsələ ondadır ki, Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi nəzərdə tutulur. Bu isə bərpa olunan enerji sahəsinə xarici investisiyanın cəlbi üçün geniş imkanlar yaradır. Gücü 240 MVt olan bp-nin günəş enerjisi layihəsi də Qarabağa sərmayə cəlb olunması və digər investorların da güvəninin artırılması baxımından çox əhəmiyyətlidir. Bir sözlə, Qarabağda mövcud enerji güclərinin potensialı artırılır, elektrik enerjisinin istehsalı və ötürülməsi sahəsində irimiqyaslı təmir, bərpa və yenidənqurma işləri həyata keçirilir.
Ənənəvi təchizat sxemindən fərqli olaraq, Qarabağda yeni enerji strukturu şəbəkəsi daha müasirdir, iqtisadi baxımdan daha səmərəlidir, babelə “Ağıllı şəhər”, “Ağıllı kənd” layihələrinin infrastrukturu üçün bütün imkanlara mailk olacaq. Ölkə Prezidentinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən “Azərişıq” ASC paylayıcı şəbəkələrin yaşıl enerji zonası tələbləri üzərində qurulmasına start verib, “Ağıllı şəbəkələr” konsepsiyasının təməl elementlərindən biri olan rəqəmsal yarımstansiya layihəsi hazırlanıb. Bu cür yarımstansiyalar elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayır, emal edir, avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edir. Nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsi olan bu yarımstansiyalarda optik rəqəmsal ölçmə transformatorlarının və yeni nəsil rəqəmsal avadanlıq komplekslərinin işlənib hazırlanması təmin edilir, bütün ölçülər yüksək dəqiqliklə aparılır. Avtomatlaşdırma insan amilinin şəbəkənin işinə təsirini azaltmağa, etibarlılığını artırmağa və elektrik enerjisinin ötürülməsi zamanı itkiləri minimuma endirməyə imkan verir. Həmçinin enerjinin əldə olunması dəyəri və istismar xərcləri azalır. Rəqəmsal yarımstansiyalarda iş alınan və ötürülən elektrik enerjisinin miqdarına görə multifunksional rejimdə qurulur, cihaz və avadanlıqlar bir-birilə koordinasiya vəziyyətində işləyir, əməliyyatlar paylayıcı şəbəkənin tələblərinə avtomatik uyğunlaşdırılır, informasiya və texniki təhlükəsizlik sistemlərinin qərarvermə qabiliyyəti təmin edilir. Ən əsası, “Yaşıl enerji” mənbələri şəbəkəyə inteqrasiya olunur. Bərpa olunan enerji mənbələrinin şəbəkələrə inteqrasiyası rəqəmsal yarımstansiyada avtomatik idarə edildiyindən elektrik enerjisi təchizatında fasilələrin yaranması tam aradan qaldırılır. İstehlakçılar yarana biləcək texniki fasilə barədə məlumatı onlayn qaydada əvvəlcədən alır.
Mahir Həmzəoğlu