• 20 Aprel 2024
logo
İqtisadçı-ekspert: “İcbari tibbi sığorta tibbi personalın əmək haqlarının artımına gətirib çıxaracaq”

İqtisadçı-ekspert: “İcbari tibbi sığorta tibbi personalın əmək haqlarının artımına gətirib çıxaracaq”

İcbari tibbi sığorta əhalinin sosial müdafiəsinin gücləndirilməsi nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir. Çünki icbari tibbi sığortanın bir sıra üstünlükləri vardır. Belə ki, bu sistem, dünyada səhiyyənin maliyyələşməsinin ən mütərəqqi üsullarından hesab olunur. İcbari tibbi sığorta səhiyyə sistemində şəffaflığı, tibbi xidmətlərin keyfiyyətini artırır, tibb personalın əməkhaqlarını yüksəldir, əhalinin sağlamlığı daha etibarlı şəkildə qorunur, əhalinin səhiyyə xərclərini azaldır və s.
2020-ci ildən ölkəmizdə mərhələli şəkildə icbari tibbi sığorta sistemi fəaliyyətə başlayacaqdır. Bu sistemin tətbiqi zamanı əsas məsələlərdən biri də icbari tibbi sığorta haqları ilə bağlıdır. Əhalinin hansı qruplarının nə qədər ödəməli olması məsələsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun doktorantı, Türkdilli Dövlətlərin İqtidsadçıları İctimai İdarə Heyətinin üzvü Samir Mahmudov bildirib ki, dövlət əhalinin sosial müdafiəsini prioritet hesab etdiyindən, bu məsələdə vətəndaşın mövqeyini ön plana çıxarmışdır. Belə ki, “Tibbi sığorta haqqında” qanuna təklif olunan dəyişikliklərə əsasən 2020-ci ilin yanvarın 1-dən dövlət tərəfindən bütün əhali üzrə təqvim ili üçün adambaşına 90 manat icbari tibbi sığorta haqqının ayrılması nəzərdə tutulur. Həmçinin dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0,5% miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunmuşdur. Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən isə aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1%, 8000 manatdan yuxarı olan hissəsindən 0,5% miqdarında icbari tibbi sığorta haqqının ödənilməsi müəyyənləşdirilmişdir. Məlumat üçün bildirək ki, icbari tibbi sığorta tarifləri istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələrlə müqayisədə respublikamızda xeyli aşağı nəzərdə tutulmuşdur. Bu tariflər işçiər və işəgötürənlər üçün müvafiq qaydada qonşu Türkiyədə 5 və 8,5%, Almaniyada 9,23 və 8,3%, Litvada 6 və 6,4% təşkil edir.
İqtisadçı-ekspert qeyd edib ki, icbari tibbi sığorta sisteminin tətbiqi təkcə vətəndaşların deyil, eyni zamanda tibbi heyətin də sosial müdafiəsini gücləndirəcək. 2018-ci ildə ölkəmizdə səhiyyə sahəsində orta aylıq əmək haqqı ölkə üzrə orta aylıq əmək haqqından 2,2 dəfə aşağı olmuşdur. Lakin icbari tibbi sığorta sisteminin tətbiqi tibbi personalın əmək haqlarının artımına gətirib çıxaracaqdır. Tibbi personalın əmək haqları iki – baza və bonus hissələrindən ibarət olacaqdır. Hansı həkim və ya tibb bacısı çox işləyəcəksə, çox da qazanacaqdır. Bu da tibbi personalı bilik və bacarıqlarını artırmağa sövq edəcəkdir.