• 2 Dekabr 2023
logo
Kənd təsərrüfatı məhsullarımızın ixracı üçün Rusiya ən böyük ənənəvi bazardır

Kənd təsərrüfatı məhsullarımızın ixracı üçün Rusiya ən böyük ənənəvi bazardır

Azərbaycanla Rusiya arasında iqtisadi əlaqələrin, ticarətin genişlənəcəyi gözləniləndir. Qeyri-neft sektoru, xüsusən də kənd təsərrüfatı məhsullarının ixracı baxımından Rusiya Azərbaycan üçün ənənəvi ən böyük bazardır. Belə ki, 2021-ci ildə Azərbaycanın qeyri neft-qaz məhsulları üzrə ixracının 32,3 faizi Rusiyanın payına düşməklə 1-ci yerdə olub. Ölkənin qeyri neft-qaz məhsulları üzrə ixracında sonrakı yerləri Türkiyə (24,9 faiz), İsveçrə (8,3 faiz), Gürcüstan (5,8 faiz), ABŞ (2,8 faiz), Braziliya (2,7 faiz), Ukrayna (2,0 faiz), İtaliya (1,9 faiz), Qazaxıstan (1,5 faiz), Niderland (1,5 faiz), İran (1,3 faiz), Çin (1,3 faiz), Belçika (1,2 faiz), Türkmənistan (1,1 faiz), Özbəkistan (1,0 faiz) tutur.
Azərbaycanın ümimi ixracının 4,1 faizi, idxalının isə 17,7 faizi Rusiyanın payına düşür. Ölkəmiz daha çox qonşu Rusiyadan məhsul idxal edir. 2021-ci ildə ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,7 faizi Rusiya, 15,8 faizi Türkiyə, 14,0 faizi Çin, 5,4 faizi Almaniya, 4,0 faizi Ukrayna, 3,8 faizi ABŞ, 3,6 faizi İtaliya, 3,4 faizi İran, 2,3 faizi Birləşmiş Krallıq, 2,2 faizi Yaponiya, 1,9 faizi Koreya, 1,7 faizi Braziliya, 1,6 faizi İsveçrə, 1,5 faizi Fransa, 1,2 faizi Hindistan, 1,1 faizi Belarus, 1,0 faizi Vyetnam, 17,8 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.
2021-ci ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 188 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 120 ölkəyə məhsul ixrac olunub, 174 ölkədən idxal edilib. Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2021-ci ildə ölkənin xarici ticarət dövriyyəsi 35,556 milyard ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 23,851 milyard dollarını və ya 67,1 faizini ölkədən ixrac olunmuş məhsulların, 11,706 milyard dollarını (32,9 faizini) isə idxal məhsullarının dəyəri təşkil etməklə, nəticədə 12,145 milyard dollar məbləğində müsbət saldo yaranıb. 2020-ci illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 46,9 faiz, real ifadədə 5,0 faiz artmışdır. İxracın real artımı 17,0 faiz olmuş, idxal isə 10,0 faiz azalmışdır.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2021-ci ildə qeyri neft-qaz məhsullarının ixracı əvvəlki illə müqayisədə faktiki qiymətlərlə 47,2 faiz, real ifadədə 38,4 faiz artaraq 2,713 milyard dollar təşkil etmişdir. İxracın 41,6 faizini İtaliyaya, 12,7 faizini Türkiyəyə, 4,1 faizini Rusiyaya, 4,0 faizini İsrailə, 3,4 faizini Xorvatiyaya, 3,0 faizini Gürcüstana, 2,9 faizini Almaniyaya, 2,7 faizini Hindistana, hər biri 2,6 faiz olmaqla Portuqaliya və Tunisə, 2,5 faizini İspaniyaya, 2,0 faizini Ukraynaya, 1,9 faizini Yunanıstana, 1,8 faizini Birləşmiş Krallığa, 1,3 faizini Belarusa, hər biri 1,2 faiz olmaqla İsveçrə və Çexiyaya, 1,0 faizini Kanadaya, 7,5 faizini isə digər ölkələrə göndərilmiş məhsullar təşkil edib.
2021-ci ildə əvvəlki illə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 20,2 faiz, kartof – 13,5 faiz, meyvə və tərəvəz şirələri – 7,2 faiz, tütün – 9,8 faiz, meyvə və tərəvəz konservləri – 18,4 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 15,9 faiz, pambıq lifi – 26,0 faiz, polietilen – 25,9 faiz, polipropilen – 32,3 faiz, mineral gübrələr – 4,6 dəfə, pambıq ipliyi – 2,0 dəfə, qara metallardan çubuqlar – 1,6 dəfə, qara metallardan yarımfabrikatlar – 3,6 dəfə, sement klinkerləri – 1,6 dəfə, qara metallardan borular – 14,4 faiz, bentonit gili – 3,3 faiz artıb. Təzə tərəvəz ixracı isə 20,4 faiz, şəkər – 2,5 faiz, bitki yağları – 15,3 faiz, çay – 17,8 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 21,0 faiz, emal olunmamış alüminium – 19,4 faiz azalıb.
2020-ci illə müqayisədə 2021-ci ildə xam şəkər idxalı 1,9 dəfə, təzə meyvə – 1,1 faiz, şokolad və şokolad məhsulları – 11,5 faiz, unlu qənnadı məmulatları – 21,4 faiz, kartof – 17,7 faiz, quş əti və onun əlavə məhsulları – 3,7 faiz, təzə tərəvəz – 12,4 faiz, minik avtomobilləri – 1,7 dəfə, hesablama maşınları, blok və qurğuları – 3,9 faiz, yük avtomobilləri – 53,1 faiz, rezin şinlər – 29,7 faiz, mebellər – 29,3 faiz, paltaryuyan maşınlar – 14,8 faiz, avtobuslar – 2,7 faiz, məişət kondisionerləri – 6,1 faiz, məişət soyuducuları – 52,6 faiz çoxalıb. Buğda idxalı isə 15,9 faiz, bitki yağları – 6,8 faiz, kərə yağı, digər süd yağları və pastaları – 10,5 faiz, çay - 0,1 faiz, mal əti – 41,4 faiz, siqaretlər – 41,4 faiz, dərman vasitələri – 1,7 faiz, polad prokatı – 30,0 faiz, qara metallardan borular – 16,6 faiz, sintetik yuyucu vasitələr – 0,1 faiz, qara metallardan çubuqlar – 63,3 faiz, mineral gübrələr – 62,9 faiz, polietilen – 22,4 faiz, qara metallardan künclüklər – 23,8 faiz, polipropilen – 32,0 faiz azalıb.
Rəsmi rəqəmlərə əsasən, qarşılıqlı investisiyaların müqayisəsində Rusiya ölkəmizə daha çox sərmayə yatırır. Belə ki, ölkəmizdə 1000-dən çox Rusiya şirkəti fəaliyyət göstərir. Azərbaycan iqtisadiyyatına Rusiya tərəfindən 6,2 milyard dollar, Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına isə 1,2 milyard dollar investisiya qoyulub. Pirallahı Sənaye Parkında əczaçılıq müəssisəsinin yaradılması, Gəncə avtomobil zavodunun Rusiyanın “KamAZ” zavodu ilə əməkdaşlığı, “Azərmaş” və “QAZ” şirkətləri arasında birgə layihələrin reallaşdırılması qarşılıqlı investisiya qoyuluşu sahəsində önəmli layihələrdir.
Bundan sonrakı dövrdə də Rusiya kənd təsərrüfatı məsullarının satışı baxımından ölkəmiz üçün əsas bazar olaraq qalacaq. 2020-ci ildə Azərbaycanın Rusiya ilə xarici ticarət dövriyyəsi 2,7 milyard dollar, 2019-cu ildə 3 milyard dollar təşkil edib. 2020-ci ildə ticarətin 328 milyon dollar azalmasının əsas səbəbi pandemiya ilə əlaqədardır. Xarici ticarətimizin 10,6%-i Rusiyanın payına düşür. 2020-ci ildə qonşu ölkədən idxalın həcmi 2 milyad dollar, bu ölkəyə ixrac isə 700 milyon dollar təşkil edib.
Təsəvvür edin ki, Azərbaycan 2020-ci ildə ixrac etdiyi 350 milyon dollarlıq təzə meyvənin 275 milyon dolları və ya 78,6%, 220 milyon dollarlıq təzə tərəvəz ixracının isə 214 milyon dolları və ya 97,3%-i Rusiyanın payına düşüb. 2020-ci ildə qonşu ölkəyə 254 min ton təzə meyvə və 200 min ton təzə tərəvəz satılıb. Habelə meyvə və tərəvəz şirələrinin ixracında da Rusiya birinci yerdədir. Xaricə satılan şirələrin 51,6% (8,1 milyon dollarlıq 5763 ton) bu ölkənin bazarlarının payına düşür. Kartofu da ən çox ruslara satırıq. Xarici bazara çıxardığımız 34 milyon dollarlıq kartofun 31 milyon dolları və ya 91%-i Rusiya bazarına gedir.
Bu həftə “Aqroekspress” layihəsi çərçivəsində 1000 tonadək meyvə və tərəvəz məhsulları 20 vaqondan ibarət sürətli qatar vasitəsilə Astara stansiyasından Rusiyanın Dərbənd stansiyasına yola salınıb. Bununla əlaqədar keçirilən tədbirdə İqtisadiyyat Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndələri və sahibkarlar iştirak ediblər. Astara stansiyasının “Aqroekspress” sürətli yükdaşımalar marşrutuna daxil edilməsi bu xidmətin Azərbaycanda miqyasının genişləndirilməsinə, habelə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində imkanlarının artırılmasına yönəlmiş növbəti addımdır. Fevralın 12-də “Aqroekspress” layihəsi çərçivəsində ölkəmizdə istehsal olunan 1000 tonadək xurma 17 vaqondan ibarət sürətli qatar vasitəsilə Ləcət stansiyasından Rusiyanın Moskva vilayətinin Selyatino stansiyasına yola salınıb.
“Aqroekspress” layihəsi “Aliance Logistics” MMC şirkəti və “Rusiya Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “RJD Logistika” Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan-Rusiya Biznes Şurasının, “Rusiya İxrac Mərkəzi” Səhmdar Cəmiyyətinin, “Roseksimbank”ın, “Azərbaycan Dəmir Yolları” QSC-nin, “Rusiya Dəmir Yolları”nın dəstəyi ilə həyata keçirilir. “Aqroekspress” “RJD Logistika” və “Rusiya İxrac Mərkəzi” səhmdar cəmiyyətləri tərəfindən təqdim olunan, iki ölkə arasında sürətli qatarların köməyi ilə yüklərin çatdırılmasına yönəlmiş xüsusi xidmətdir. Bu layihə effektiv şəkildə qurulmuş ixrac-idxal loqistikası sayəsində yüklərin çatdırılma müddətinin qısaldılmasına və nəqliyyat xərclərinin azaldılmasına imkan yaratmaqla yanaşı, sahibkarlığın inkişafına dəstəkdir.
Mahir Həmzəoğlu