• 4 Dekabr 2023
logo
Ermənistan Arazdəyən-Horadiz dəmir yolunun tikintisi ilə bağlı Azərbaycanla müqavilə imzalamağa ümidlidir

Ermənistan Arazdəyən-Horadiz dəmir yolunun tikintisi ilə bağlı Azərbaycanla müqavilə imzalamağa ümidlidir

Ermənistan yaxın vaxtlarda Azərbaycanla Arazdəyən-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolunun tikintisinə başlamağa imkan verəcək hüquqi sənəd imzalamağa ümid edir.
TASS-ın verdiyi məlumata görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.
Onun sözlərinə görə, hazırda Ermənistan tərəfi Arazdəyən-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolunun Ermənistan hissəsinin tikintisi ilə bağlı konkret işlər görür: "Artıq texniki işlərə başlanılıb. Ümid edirik, yaxın vaxtlarda əldə olunmuş razılaşmalar sənəd şəklində öz əksini tapacaq və proses tam inkişaf etdiriləcək".
Paşinyanın sözlərinə görə, cümə axşamı hökumət həmçinin Şimal-Cənub strateji avtomobil yolunun Sisian-Kacaran hissəsinin tikintisinə başlamaq üçün tender elan edəcək: "Əlbəttə, siyasi razılaşmalar olarsa, "Şimal-Cənub" avtomagistralı da Azərbaycan, Ermənistan və Türkiyəni birləşdirə bilər".
Xatırladaq ki, bir neçə gün öncə Ermənistan Baş nazirinin müşaviri Artaşes Tumanyan təxminən 10 gündən sonra Ermənistan-Azərbaycan dəmir yolunun bərpa olunacaq iki hissəsində mütəxəssislərin araşdırmalara başlayacağını və onların nəticələri əsasında layihənin hazırlanacağını bildirmişdi. Onun sözlərinə görə, işçi qrupun işində "Rusiya Dəmir Yolları"nın mütəxəssisləri də iştirak edəcək.
Baş nazirin müşaviri izah edib ki, tikinti işlərinə başlamaq üçün Ermənistanla Azərbaycan arasında əldə olunan razılaşmalar sənəddə qeyd olunmalıdır. Bu, həm ikitərəfli, həm də üçtərəfli razılaşma ola bilər.
Ermənistan Baş nazirinin müşavirinin fikrincə, dəmir yolunun Arazdəyən hissəsinin bərpası aylar, Meğri hissəsinin (burada 45 kilometrlik dəmir yolu tikilməlidir) isə 3 il çəkəcək.
"Bu işlərin Ermənistana nə qədər başa gələcəyi hələlik bəlli deyil. Müxtəlif rəqəmlər gördüm: 220, 250, 278 mln. dollar. Gömrük məntəqələrini və digər obyektləri saymasaq, məbləğ daha çox ola bilər", - deyə Tumanyan əlavə edib.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın Baş nazirinin müavini Mger Qriqoryan bu işlərin 200 mln. dollara başa gələcəyini demişdi.