• 23 İyul 2019
logo
add image
Azərbaycanda sığorta bazarı sabit inkişaf nümayiş etdirir

Azərbaycanda sığorta bazarı sabit inkişaf nümayiş etdirir

Azərbaycanda sığorta bazarı sabit inkişaf nümayiş etdirir.
Trend-in məlumatına görə, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi, Azərbaycan Sığortaçılar Assosiasiyasının və İcbari Sığorta Bürosunun təşkilatçılığı ilə Bakıda keçirilən “Azərbaycanda sığorta bazarı: trendlər və imkanlar” adlı IX Beynəlxalq Sığorta Forumunda deyib.
İ.Alışov bildirib ki, sığorta sektorunun inkişaf etdirilməsi və sektora nəzarətin gücləndirilməsi daim dövlətin diqqət mərkəzindədir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2019-cu il 21 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın qəbul edilməsi bunun bariz nümunəsidir:
"Hazırda sığorta sektorunun aktivləri maliyyə sektorunun aktivlərində 3,1 faiz paya malikdir. Maliyyə Bazarlarına Nəzarət Palatası yarandığı gündən sığortaçıların cəmi aktivləri 64 faiz artaraq 1,4 milyard manata çatıb".
Qeyd edək ki, 2018-ci ilin sonunda sığorta bazarının qeyri-neft sektorunda payı 1,9 faiz, maliyyə sektorunda payı isə 2,9 faiz təşkil edib.
20-yə yaxın xarici ölkədən 50-yə yaxın nümayəndənin qatıldığı Forumda ümumilikdə 150-dən çox şəxs iştirak edir. Forum çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qeyd olunan Sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın icrası məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatası, Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İcbari Sığorta Bürosu və Azərbaycan Sığortaçılar Assosiasiyası arasında əməkdaşlığa dair birgə memorandum imzalanacaq. Eyni zamanda, Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi ilə İcbari Sığorta Bürosu tərəfindən formalaşdırılmış Hadisələrin İdarəedilməsi Sistemi və CLIP layihələri barəsində təqdimatı olacaq.