• 21 Oktyabr 2020
logo
Nazir müavini: BƏT Azərbaycanın məşğulluq sahəsindəki təcrübəsini başqa ölkələrə tövsiyə edib

Nazir müavini: BƏT Azərbaycanın məşğulluq sahəsindəki təcrübəsini başqa ölkələrə tövsiyə edib

Azərbaycan hökumətinin məşğulluq sahəsində gördüyü işlər Beynəlxalq Əmək Təşkilatı (BƏT) üçün bir uğur nümunəsidir. Azərbaycanın məşğulluq sahəsindəki təcrübələri təşkilat tərəfindən başqa ölkələrə də tövsiyə olunub.

Trend-in məlumatına görə, bunu "Azərbaycanın kənd və şəhər ərazilərində layiqli əməyin və inklüziv iqtisadi artımın təşviqi vasitəsilə Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasında artan tərəqqi" adlı layihənin nəticələrinə həsr olunmuş konfransda Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli deyib.

Onun sözlərinə görə, Azərbaycan DİM-ə nail olmaqda böyük uğurlar əldə edib.

Azərbaycanın dövlət siyasətinin əsasını vətəndaşlarının sosial müdafiəsinin təşkil etdiyini deyən M.Kərimli əlavə edib ki, BƏT Azərbaycanın islahatlar sahəsində əsas tərəfdaşıdır:

“2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi”nin icrası sahəsində Azərbaycanın əldə etdiyi nümunəvi uğurların əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət siyasətinin nəticəsidir".

Dayanıqlı İnkişaf Məqsədlərinin icrası sahəsində Azərbaycanın ardıcıl və sistemli yanaşma nümayiş etdirdiyini bildirən M.Kərimli Baş nazirin müavininin rəhbərlik etdiyi Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının fəaliyyət göstərdiyini, cari ilin iyul ayında dayanıqlı inkişaf üzrə könüllü 2-ci milli hesabatın Nyu Yorkda uğurla təqdim olunduğunu deyib.

M.Kərimli qeyd olunan Məqsədlərin icrası sahəsində BƏT-lə əməkdaşlıqdan bəhs edib. O bildirib ki, BƏT-in yeni gündəliyi Əməyin Gələcəyi üzrə Qlobal Komissiyanın 22 yanvar 2019-cu il tarixli hesabatına əsaslanır: "Komissiya iqtisadi artım və inkişaf üçün insan yönümlü gündəlik təklif edib. Əlamətdar haldır ki, Azərbaycan hökumətinin həyata keçirdiyi sosial siyasət də məhz bu prinsipə əsaslanır və əsasən 2 məqsədə - əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir".

Nazir müavini xidmətlərin keyfiyyətinin artırılması sahəsində uğurlu nümunələr kimi DOST layihəsini, avtomatlaşdırılmış pensiya təyinatını, “e-sosial” portalını, “Məşğulluq” alt-sistemini qeyd edib. O, Azərbaycanda həyat keyfiyyətinin artırılması ilə bağlı tədbirlərə nümunə olaraq, cari ildə minimum əmək haqqının 93%, minimum pensiyanın 72%, müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırıldığını, özünüməşğulluq proqramının genişləndirildiyini (cari ildə 10 min nəfər) diqqətə çatdırıb.

M.Kərimli ölkəmizdə Məşğulluq Strategiyasının hazırlanmasına, özünüməşğulluq proqramının tərtib olunmasına, Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın yaradılmasına BƏT-in dəstəyini, Azərbaycanın regionda BƏT üçün uğur nümunəsi olduğunu qeyd edib. Bildirib ki, gənclərin məşğulluğu, özünüməşğulluq və Üçtərəfli Komissiyanın yaradılması ilə bağlı ölkəmizin təcrübəsi BƏT tərəfindən müsbət təcrübələr kimi digər ölkələrə tövsiyə edilib. BƏT-lə əməkdaşlığımızda geniş potensiala malik olan mühüm bir sahə milli təcrübələrimizin ekspertlərimiz vasitəsilə digər ölkələrə ixrac olunmasıdır.

BMT-nin “2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi”nin icrası ilə bağlı Azərbaycanın BƏT tərəfindən region üzrə fokus ölkə seçildiyini deyən nazir müavini qeyd edib ki,
ölkəmizin beynəlxalq aləmdəki daim artan nüfuzu, son illərdə əldə edilmiş sosial-iqtisadi uğurları, həyata keçirilən səmərəli praktiki əməkdaşlıq sayəsində Azərbaycan (hökumət qrupu üzrə) BƏT-ə üzvlüyü ərzində ilk dəfə 2017-ci ilin iyun ayında BƏT-in İdarə Heyətinin üzvü seçilib.

M.Kərimli “Layiqli əməyin və inklüziv iqtisadi artımın təşviqi vasitəsilə DİM-in icrasında artan tərəqqi” adlı BƏT layihəsi çərçivəsində həyata keçirilmiş tədbirlərin DİM-lərin icrasına əsaslı töhfə verdiyini deyib.