• 27 Aprel 2024
logo
Dünya bazarında ərzaq 28,1% bahalaşıb

Dünya bazarında ərzaq 28,1% bahalaşıb

İqtisadçı alim Mahir Zeynalov bildirib ki, BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ərzaq qiymətləri indeksi 2021-ci ildə 10 illik maksimuma çatıb. 2021-ci ilin sonunda FAO-nun Ərzaq Qiymətləri İndeksinin orta dəyəri 125,7 bənd təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 28,1 faiz çoxdur. 2021-ci ildə dünya bazarında taxılın qiyməti 27,2%, qarğıdalının 44,1 faiz, buğdanın 31,3 faiz artıb, düyü isə 4 ucuzlaşıb. Habelə ət 12,7%, süd məhsulları 17%, bitki yağları 65,8%, şəkər 29,8% bahalaşıb. Bahalaşmaya əsas səbəblər koronavirus pandemiyasının dünya iqtisadiyyatına vurduğu ziyan, bir sıra ölkələrin kənd təsərrüfatı məhsullarının ixracına məhdudiyyətlər tədbiq etməsi, ixrac rüsümlarını artırması, ixracatçı ölkələrin daxili ərzaq ehtiyatlarını artırmağa yönəlmiş siyasəti, əlverişsiz iqlim dəyişiklikləri, dünyada ərzağa, xüsusən də ekoloji təmiz məhsullara tələbatın artması kimi amillərdir.
İqtisadçı-ekspert hesab edir ki, yaxın onillikdə dünyada kənd təsərrüfatı və ərzaq məhsullarının qiymətlərinə hava şəraiti, iqtisadi artım və gəlirlərin bölgüsü, demoqrafik və qida rejimində dəyişiklikləri, texnoloji inkişaf və siyasi hadisələr təsir edəcək. Lakin bununla yanaşı, proqnozlara görə, tələb artımının yavaşlaması və gözlənilən məhsuldarlıq artımı fonunda real ifadədə qiymətlər tədricən azalmağa başlayacaq. Proqnoz orta müddətli tendensiyalara yönəlib, lakin kənd təsərrüfatı bazarlarında qiymətlərin qısamüddətli dəyişməsinə şərait yarada biləcək bir çox amillər və risklər də var. Belə ki, dünyada regional disbalans güclənir, idxal və ixraca ticarət məhdudiyyətlərinin tədbiqi ölkələrin ərzaq təhlükəsizliyinə və qidalanmaya, habelə fermerlər üçün vəsait və xammal mənbələrinə çıxışına neqativ təsir göstərə bilər. Təbii resursların qiymətlərinin artması, davam edən qlobal pandemiya və gözlənilməz hava şəraiti 2022-ci ildə də bazar konyukturasının sabitləşməsi üçün çox az ümid yaradır.
Bütün bunları nəzərə alsaq, Azərbaycanda da ərzaq təhlükəsizliyinin təmin edilməsi mühüm əhəmiyyət daşıyır. Çünki dünya bazarında qiymətlərin bahalaşması Azərbaycana da təsirsiz ötüşmür, idxal edilən kənd təsərrüfatı məhsullarının və ərzağın qiymətlərində artım qeydə alınıb. Keçən il ölkəmizdə ərzaq inflyasiyası 8,1% olub və ümumi inflyasiyanın təqribən 60%-i ərzaq inflyasiyasının payına düşüb. Nəzərə almaq lazımdır ki, Azərbaycan 2021-ci ildə 2,1 milyard dollarlıq kənd təsərrüfatı və ərzaq məhsulları idxal edib ki, bu da ümumi idxalın 18%-ni faizini təşkil edir. Yerli istehsal (ildə 1,9 milyon ton) tələbatı ödəmədiyindən ölkəmiz əlavə olaraq ildə 1,3-1,4 milyon ton buğda idxal edilir. Keçən il idxal buğdasının qiyməti bir ton üçün 253 dollardan 340 dollara qədər artıb. Bu isə unun və çörəyin qiymətinin artmasına təsir göstərdi.
Müsbət haldır ki, pandemiyanın davam etməsinə baxmayaraq Azərbaycanda kənd təsərrüfatında artım meyilləri müşahidə olunur. 2021-ci ildə ölkədə kənd təsərrüfatı istehsalı 3,4 faiz artmaqla faktiki qiymətlərlə dəyəri 9,163 mlrd. manat təşkil edib. Bunun da 4,652 mlrd. manatı heyvandarlıq, 4,511 mlrd. manatı isə bitkiçilik məhsullarının payına düşüb. Heyvandarlıq məhsullarının istehsalı 2,8%, bitkiçilik məhsullarının istehsalı isə 4% artıb. ÜDM-in 5,9 faizi kənd təsərrüfatının payına düşüb.
Mahir Zeynalov qeyd edib ki, "torpaqlımızın işğaldan azad olunması Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında dövriyyəyə yeni məhsuldar və suvarılan minbit torpaqlar əlavə etməyə, kənd təsərrüfatı məhsullarının istehsalını davamlı artırmağa, bir sıra məhsullar üzrə idxaldan asılılığı azaltmağa, hətta ət və süd məhsulları ilə tam təmin etməyə, daxili bazarı daha kefiyyətli və ekoloji təmiz məhsullarla zənginləşdirməyə, ixrac potensialımızı artırmağa imkan verəcək. Dünya bazarında ərzaq məhsullarına tələbatın artması və qiymətlərin yüksəlməsi, əlverişsiz iqlim dəyişiklikləri, pandemiyanın mənfi təsirləri, keyfiyyətli ərzaqla təminatın aktuallaşması fonunda Qarabağın iqtisadiyyatının yenidən qurulması və dirçəldilməsi Azərbaycanda ərzaq təhlükəzsiliyinin təmin edilməsinə böyük töhfə verməklə mühüm rola malik olacaqdır".