• 25 Aprel 2024
logo
Azərbaycanda ÜDM-in artım tempi səkkizillik maksimuma çatıb

Azərbaycanda ÜDM-in artım tempi səkkizillik maksimuma çatıb

Qeyri-neft sektorunun artımı (ötən il 7,2%), yüksək neft qiymətləri və enerji sektorunda istehsalın artması şəraitində 2021-ci ildə Azərbaycan iqtisadiyyatı real ifadədə 5,6% böyüyüb.
"APA-Economics"in apardığı hesablamalara görə, sözügedən göstərici 2013-cü ildən bəri ÜDM üzrə qeydə alınan ən yüksək artım tempidir. Nəticədə, ötən il Azərbaycanda real ÜDM-in həcmi COVID-19 pandemiyasından əvvəlki ildə (2019-cu il) qeydə alınan göstəricini 1-1,1% üstələyib.
Qeyd edək ki, sürətlənmiş vaksinasiya və strateji valyuta ehtiyatlarının təkcə qorunub saxlanması deyil, həm də artımı fonunda Azərbaycanda ötən ilin təkcə I rübündə real ÜDM illik müqayisədə 1,3% azalsa da, IV rübdə artım 7,3-7,5% təşkil edib.
Proqnozlara gəldikdə, Azərbaycan İqtisadiyyat Nazirliyi bu il ölkədə ÜDM-in real artımını 3,9% səviyyəsində olacağını gözləyir. Dünya Bankının son proqnozuna görə, bu il Azərbaycan iqtisadiyyatı 3,1%, BMT-nin proqnozuna görə isə 4% artacaq.
Xatırladaq ki, 2020-ci ildə Azərbaycan iqtisadiyyatı 4,3% azalıb.