• 20 May 2022
logo
Azərbaycanda xarici investisiyaların qorunması ən yüksək səviyyədədir

Azərbaycanda xarici investisiyaların qorunması ən yüksək səviyyədədir

Yanvarın 13-də Gülüstan sarayında Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilmişdir. Mərasimdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan xalqını bu münasibətlə təbrik edərək bildirmişdir ki, bu stansiya Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verəcəkdir. Bu stansiyanın yaradılması bir daha onu göstərir ki, bərpaolunan enerji növlərinin istehsalına Azərbaycan dövləti çox böyük önəm verir.
Külək Elektrik Stansiyasının təməlinin qoyulması iqtisadi və ekoloji cəhətdən çox mühüm bir hadisədir. Belə ki, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və dayanıqlı enerji təminatı olduqca vacibdir. Bu bütün dünya üçün vacib prioritetdir. Çünki atmosferə atılan zərərli tullantıların həcminin artmasının qarşısının alınır.

Onu da bildirmək istəyirəm ki, Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında çox sıx dostluq və qardaşlıq münasibətlər mövcuddur. Müstəqillik dövründə bu əlaqələrin inkişaf etdirilməsi istiqamətində fəal işlər aparılmışdır.
İnşa olunacaq stansiyanın investoru tanınmış və bu sahədə böyük təcrübəsi olan Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətidir. Şirkət enerji sahəsində dünyanın ən böyük şirkətidir. Şirkət tərəfindən inşa edilmiş stansiyaların enerji istehsalı gücü 42 min meqavatdan çoxdur.
Bizim ölkələr energetika sahəsində OPEC+ formatında fəal əməkdaşlıq edir. OPEC+ formatı yaradılandan bu günə qədər Səudiyyə Ərəbistanı ilə Azərbaycanın əməkdaşlığında xüsusi rol oynamışdır. Bu formatda iştirak edən digər ölkələrlə bərabər biz neftin qiymətinin sabitləşməsinə nail ola bilmişik.
Son illər Azərbaycanda, o cümlədən energetika sahəsində aparılan islahatlar, gözəl investisiya iqlimi, ölkəmizin uğurlu inkişafı, ölkəmizdə mövcud olan sabitlik, əmin-amanlıq, təhlükəsizlik – bütün bu amillər hər bir investor üçün önəmli rol oynayır.
Azərbaycana 10 milyardlarla dollar həcmində xarici sərmayə qoyulub. Sərmayə qoyuluşu davam edir. Xüsusilə dünyada hökm sürən maliyyə böhranı, eyni zamanda, pandemiya ilə bağlı iqtisadi fəallığın təbii olaraq azalması - bütün bunlar mənfi amillərdir. Amma buna baxmayaraq, qardaş ölkənin şirkəti Azərbaycana böyük həcmdə investisiya qoyuluşuna qərar verib və Xızı rayonunda inşa ediləcək 240 meqavat gücündə külək elektrik stansiyasının təməli qoyulur.
Ölkə əhalisi artır, tələbat artır. Ona görə enerji növlərinin istehsalı ilə ciddi məşğul olmalıyıq. Bərpaolunan enerji növlərinin istehsalı enerji sahəsində gündəlikdə duran ən başlıca vəzifələrdən biridir. İşğaldan azad edilmiş ərazilərdə, Cəbrayıl rayonunda hazırda böyük günəş elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlar, müzakirələr aparılır. Bu stansiyanın enerji istehsalı potensialı da 240 meqavata bərabər olacaq. Aparılmış təhlil nəticəsində bəlli oldu ki, işğaldan azad edilmiş ərazilərdə bütövlükdə 10 min meqavata yaxın bərpaolunan külək və günəş elektrik enerjisinin istehsalı mümkündür.
İşğaldan azad edilmiş ərazilər - 10 min kvadratkilometr ərazi “yaşıl enerji” zonası elan edilib. Artıq bir neçə su elektrik stansiyası inşa edilib, fəaliyyətdədir. Günəş və külək elektrik stansiyalarının yaradılması ilə bağlı konkret planlar var.
Ümumiyyətlə, yeni stansiyaların tikintisi ölkəmizin daxili tələbatını tam ödəməklə bərabər, elektrik enerjisinin ixracına da imkan verir. Azərbaycan enerji təhlükəsizliyindəki rolunu Zəfərləri ilə daha da möhkəmləndirəcək. Ölkəmizin energetika sahəsində qlobal uğurları bundan sonra da davamlı olacaq.

Xətai Sukanal İdarəsinin rəis müavini:
Əbülfəz Mamoyev