• 19 Yanvar 2022
logo
“Azercell”in dəstək verdiyi şagirdlər beynəlxalq yarışda 4 bürünc medal qazanıb

“Azercell”in dəstək verdiyi şagirdlər beynəlxalq yarışda 4 bürünc medal qazanıb

“Azercell Telekom” MMC-nin dəstəyi ilə informatika üzrə hazırlıq keçən şagirdlər beynəlxalq bilik yarışmasında 4 bürünc medal əldə ediblər.
Şirkətdən verilən məlumata görə, ölkənin təşkilatçılığı ilə onlayn formatda keçirilən Lütfi Zadə Beynəlxalq Olimpiadasına 18 ölkədən 158 məktəbli qatılıb.
Yarışda Bakı şəhəri fizika riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Fuad Qarayev, Gəncə şəhəri fizika riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Fidan Hüseynova, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin şagirdi Səid Nəsibov və Balakən rayonu Qazbinə kənd tam orta məktəbin şagirdi Xizri Saxrayev informatika fənni üzrə bürünc medala sahibləniblər.
Xatırladaq ki, 2017-ci ildən etibarən Təhsil Nazirliyinin və İnformatika üzrə Milli Olimpiada komandasının məğrur tərəfdaşı olan “Azercell Telekom” MMC məktəblilərimizin beynəlxalq olimpiadalarda informatika fənni üzrə hazırlığını və iştirakını dəstəkləyir. Hazırlıq prosesinə ölkənin hər yerindən istedadlı şagirdlər cəlb olunur, informatika fənni üzrə aparıcı mütəxəssislər tərəfindən uşaqlara təlimlər keçirilir, zəruri biliklər paylaşılır. Bu proses Təhsil İnstitutu və “Azercell Telekom” arasında imzalanan əməkdaşlıq memorandumuna əsasən həyata keçirilir. “Azercell”in dəstəyi ilə hazırlaşan məktəblilər bu müddətdə müxtəlif miqyaslı beynəlxalq olimpiada və müsabiqələrdə 1 qızıl, 7 gümüş və 23 bürünc olmaqla, ümumilikdə 31 medal əldə ediblər.
“Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” şüarını əsas tutaraq, “Azercell Telekom” hər zaman gənclərin inkişafına, İKT sahəsində təhsilə marağın və texnoloji savadlılığın artmasına dəstək olan, eləcə də tələbələri bu istiqamətdə uğurlara təşviq edən layihələrini davam etdirəcək. “Azercell Telekom” məktəbliləri yüksək nailiyyətlər münasibətilə təbrik edir, qarşıdakı yarışmalarda daha böyük qələbələr arzulayır.