• 7 Oktyabr 2024
logo
Bakı-Astara yolunun Lənkərandan keçən hissəsinin kənarında yaşıllıq zolağı salınacaq

Bakı-Astara yolunun Lənkərandan keçən hissəsinin kənarında yaşıllıq zolağı salınacaq

Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin yubileyi münasibətilə bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində Bakı-Astara magistralının Lənkərandan keçən hissəsində yolun hər iki tərəfində yaşıllıq zolağı salınacaq.

Bunu Trend-ə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Möhübbət Babayev deyib.

Birinci müavinin sözlərinə görə, Lənkəran şəhərinin Heydər Əliyev prospektində Xəzər dənizi sahili boyunca müxtəlif növ həmişəyaşıl ağac tinglərinin əkilməsi planlaşdırılıb. Ümumilikdə bu təşəbbüs çərçivəsində rayonda 2000 ağacın əkilməsi nəzərdə tutulur. Əkiləcək bitkilər əsasən, həmişəyaşıl ağaclar olacaq.

M.Babayev qeyd edib ki, artıq ağacların əkiləcəyi ərazilərdə hamarlama işləri aparılıb, çalalar qazılıb, arxlar çəkilib.

Qeyd edək ki, noyabrın sonunda Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsü həyata keçiriləcək. Azərbaycanın tarixində ilk dəfədir ki, bir gün ərzində bu qədər çox sayda ağac əkiləcək.

Bütün ağaclar Meşə Təsərrüfatı Mərkəzlərinin və Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin 17 tinglik sahəsində yetişdirilib. Əkiləcək ağaclar arasında həm meşəcinsli, həm də meyvə ağacları olacaq. Kütləvi ağacəkmə tədbirinin keçiriləcəyi bir gündə əsasən xan çinarı, Eldar şamı, sərv, akasiya, söyüd, göyrüş, iydə, zeytun, qarağac, əncir, qovaq, şaftalı, gavalı, alma, cökə, qızılağac, saqqız, katalpa, çinar, nar və s. əkiləcək.