• 28 Mart 2024
logo
SOCAR-ın Türkiyədəki layihələrə cəlb etdiyi investisiyalar 17 mlrd. dollara yaxınlaşır

SOCAR-ın Türkiyədəki layihələrə cəlb etdiyi investisiyalar 17 mlrd. dollara yaxınlaşır

SOCAR indiyədək Türkiyədə həyata keçirilən layihələr çərçivəsində ( SOCAR Terminal, "Petkim" neft-kimya kompleksi, STAR Neft Emalı Zavodu və TANAP daxil olmaqla) 16,5 mlrd. ABŞ dollarından artıq sərmayə yatırıb.
Bu barədə İstanbulda keçirilən mətbuat konfransında SOCAR-ın Türkiyədəki törəmə şirkəti "SOCAR Türkiyə"nin baş direktoru Zaur Qəhrəmanov bildirib.
Onun sözlərinə görə, STAR NEZ-in tikintisinə 6,3 mlrd. dollar, saxlama güclərinə yönəldilən investisiyalar 600 mln. dollar təşkil edib. Bundan başqa, SOCAR Konteyner Terminalına 400 mln. dollar, "Petkim"in özəlləşdirilməsinə 2,04 mlrd. dollar və əlavə olaraq hər il təxmini 100 mln. dollar olmaqla ümumilikdə 1 mlrd. dollar investisiya yönəldilib. Bununla yanaşı, 6,5 mlrd. dollar vəsait Trans-Anadolu boru kəmərinin ( TANAP) tikintisinə xərclənib.
Qeyd olundu ki, qoyulan investisiyalarının ümumi dəyəri nəticədə 19,5 mlrd. dollara çatacağı gözlənilir.
Z. Qəhrəmanov əlavə edib ki, "SOCAR Türkiyə"nin birbaşa işçilərinin sayı təqribən 5 200 nəfər, subpodratçılarla birlikdə yaradılan məşğuliyyət isə 10 mini keçir.