• 30 Noyabr 2021
logo
Qarabağ enerji zonasına çevriləcək

Qarabağ enerji zonasına çevriləcək

İşğaldan azad edilmiş ərazilərimiz minalardan təmizləndikcə ilk vəzifələrdən biri orada müasir infrastrukturun qurulmasıdır. Xüsusən də, yolların çəkilməsi, kommunal ximətlərin bərpası, elektrik enerjisi ilə təminat mühüm əhəmiyyət kəsb edir. Hazırda bütün post-konflikt ərazilərin elektrik enerjisi ilə dayanıqlı təmin edilməsi üçün çox intensiz şəkildə layihələr həyata keçirilir. Hədəf həm də işğaldan azad edilmiş ərazilərimizin ən qısa müddətdə Azərbaycanın ümumi enerji sisteminə qoşulmasıdır.
Hazırda Zəngilan-Cəbrayıl zonasında 240 meqavatt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair bp şirkəti ilə Energetika Nazirliyi arasında imzalanmış müqavilə çərçivəsində işlər davam edir. Bu barədə şirkətdən Trend-ə deyiblər ki, "biz Azərbaycanın uzunmüddətli tərəfdaşı kimi otuz ilə yaxındır əməliyyatçısı olduğumuz enerji layihələrini təhlükəsiz və etibarlı şəkildə həyata keçiririk. Düşünürük ki, bu təcrübəmizə əsaslanaraq biz yeni enerji istehsalı sahəsində də Azərbaycanla uğurlu əməkdaşlıq və tərəfdaşlıq imkanlarını birgə dəyərləndirib ölkənin enerji keçidi səylərinə mühüm töhfələr verə bilərik. bp ümumiyyətlə bütün dünya üzrə bərpa olunan enerji işlənməsinə qoyduğu sərmayəni əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir və artıq uzunmüddətli və uğurlu tərəfdaşlıq qurduğu yerlərdə bu istiqamətdə yaranan imkanları araşdırır”.
Qeyd edək ki, icra müqaviləsi Azərbaycanın azad edilmiş ərazilərində "yaşıl enerji" zonasının yaradılması, Azərbaycanda bərpa olunan enerji sektorunun inkişafı və 2030-cu ilədək karbon tullantılarının 35 faiz azaldılması barədə strateji qərar çərçivəsində imzalanıb. BP isə 2050-ci ilədək “xalis sıfır emissiya”lı şirkətə çevrilmək strategiyası qəbul edib. Növbəti onillik ərzində BP dünya üzrə bərpa olunan enerji işlənməsinə qoyduğu sərmayəni əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir və artıq uzunmüddətli və uğurlu tərəfdaşlıq qurduğu yerlərdə bu yönümdə yaranan imkanları araşdırır. Azərbaycanda otuz ilə yaxın enerji layihələrini təhlükəsiz və etibarlı şəkildə həyata keçirmək təcrübəsi olan bp Azərbaycanda “yaşıl enerji” keçidinə mühüm töhfələr verə bilər. Məsələ ondadır ki, Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi nəzərdə tutulur. Bu isə bərpa olunan enerji sahəsinə xarici investisiyanın cəlbi üçün geniş imkanlar yaradır. Gücü 240 MVt olan bpnin günəş enerjisi layihəsi də Qarabağa sərmayə cəlb olunması və digər investorların da güvəninin artırılması baxımından çox əhəmiyyətlidir.
BMT İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti də bildirib ki, Azərbaycanda "yaşıl texnologiyalar" sahəsinin maliyyələşdirilməsi üçün böyük potensial var və təşkilat Azərbaycanın milli prioritetlərini dəstəkləyir: "Ölkənin strategiyaları və prioritetləri dayanıqlıdır və etimad doğurur, bununla əlaqədar biz Azərbaycanın "yaşıl" inkişafının maliyyələşdirilməsini dəstəkləyirik. Azərbaycanın "yaşıl" ekosistemi təkcə beynəlxalq münasibətlərin deyil, həm də tərəfdaşlıq və özəl münasibətlərin genişləndirilməsi üçün məkana çevriləcək”.
İşğaldan azad edilən ərazilərdə enerji sistemində yenidənqurma, bərpa və modernləşdirmə prosesi uğurla davam etdirilir. İndiyədək cənab Prezidentin iştirakı ilə Laçın rayonunda gücü 8 meqavat olan “Güləbird” Su Elektrik Stansiyası və Tərtər rayonunun işğaldan azad edilmiş ərazilərində ümumi gücü 8,7 meqavat olan “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyaları tamamilə yenidən qurularaq istismara verilib. “Kəlbəcər-1” və “Kəlbəcər-2” kiçik su elektrik stansiyalarında yenidənqurma işləri də uğurla aparılır.
Bunlarla yanaşı, dörd rayonda 110/35/10 kV-luq “Şuşa”, “Füzuli”, “Kəlbəcər” və “Cəbrayıl” yarımstansiyaları tikilərək cənab Prezidentin iştirakı ilə istismara verilib. Həmçinin “Şükürbəyli” yarımstansiyası genişləndirilərək yenidən qurulub, bu enerji obyektindən Şuşaya 75 km uzunluğunda ikidövrəli 110 kV-luq elektrik verilişi xətti çəkilib və “Füzuli” yarımstansiyası ilə əlaqələndirilib. Eyni zamanda Daşkəsən rayonundan Murov dağını keçməklə Kəlbəcər rayonuna 70 km uzunluğunda, “Şükürbəyli” yarımstansiyasından isə yeni tikilmiş “Cəbrayıl” yarımstansiyasına 31 km məsafədə ikidövrəli 110 kV-luq elektrik verilişi xətləri çəkilib. Cəbrayıldan 45 km məsafədə yeni “Qubadlı” yarımstansiyasına, oradan 34 km məsafədə yerləşən yeni tikilən “Zəngilan” yarımstansiyasına 110 kV-luq ikidövrəli elektrik xəttinin çəkilməsi və yarımstansiyaların titinti işləri isə yekunlaşmaq üzrədir. Hazırda “Xındırıstan” yarımstansiyasından 35 km məsafədə 110 kV-luq ikidövrəli xətt çəkilir, “Ağdam-1” və Ağdam-2” yarımstansiyaları tikilir. Nəticədə yaxın gələcəkdə Ağdam rayonunda öz işığımız yanacaq. Digər rayonlardan fərqli olaraq burada iki yerdə 110 kilovoltluq yarımstansiyaların tikilməsi Ağdam ərazisinin böyük olması və rayonda iri həcmli layihələrin gerçəkləşəcəyi nəzərə alınaraq inşa edilir. “Ağdam-1” yarımstansiyası rayon mərkəzinin girişində, keçmiş avtovağzalın yanında, “Ağdam-2” yarımstansiyası isə rayonun Əsgərana yaxın, Şelli kəndi istiqamətində tikilir.
Gələcəkdə “Ağcabədi” yarımstansiyasından 130 km, “İmişli”dən isə 132 km məsafədə “Cəbrayıl” yarımstansiyasına 330 kV-luq hava xəttinin çəkilməsi, oradan isə Naxçıvana 330 kV-luq hava xəttinin aparılması, o cümlədən Cəbrayıl və Naxçıvanda yeni 330 kV-luq yarımstansiyaların tikintisi planlaşdırılıb. Cəbrayıl rayonunda tikiləcək 330 kV-luq yeni yarımstansiya “Xudafərin” və “Qız qalası” layihələri ilə yanaşı, Naxçıvanın ölkənin ümumi enerji sistemi ilə əlaqələndirilməsini təmin edəcək. Gələcəkdə Laçın və işğaldan azad olunmuş digər ərazilərimizdə 110 kV-luq yarımstansiyaların, əlaqələndirici xətlərin çəkilməsi, Qarabağın dairəvi elektrik təchizat sxeminin gerçəkləşdirilməsi nəzərdə tutulub. Kəlbəcərdə hərbi hissələri elektrik enerjisi ilə təchiz etmək üçün 132 kilometrlik yeni xətt çəkiləcək, 42 kilometrlik xətt isə bərpa olunacaq. Hazırda bu istiqamətdə işlər davam edir.
Ənənəvi təchizat sxemindən fərqli olaraq, Qarabağda yeni enerji strukturu şəbəkəsi daha müasirdir, iqtisadi baxımdan daha səmərəlidir, babelə “Ağıllı şəhər”, “Ağıllı kənd” layihələrinin infrastrukturu üçün bütün imkanlara mailk olacaq. Ölkə Prezidentinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən “Azərişıq” ASC paylayıcı şəbəkələrin yaşıl enerji zonası tələbləri üzərində qurulmasına start verib, “Ağıllı şəbəkələr” konsepsiyasının təməl elementlərindən biri olan rəqəmsal yarımstansiya layihəsi hazırlanıb. Bu cür yarımstansiyalar elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayır, emal edir, avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edir. Nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsi olan bu yarımstansiyalarda optik rəqəmsal ölçmə transformatorlarının və yeni nəsil rəqəmsal avadanlıq komplekslərinin işlənib hazırlanması təmin edilir, bütün ölçülər yüksək dəqiqliklə aparılır. Avtomatlaşdırma insan amilinin şəbəkənin işinə təsirini azaltmağa, etibarlılığını artırmağa və elektrik enerjisinin ötürülməsi zamanı itkiləri minimuma endirməyə imkan verir. Həmçinin enerjinin əldə olunması dəyəri və istismar xərcləri azalır. Rəqəmsal yarımstansiyalarda iş alınan və ötürülən elektrik enerjisinin miqdarına görə multifunksional rejimdə qurulur, cihaz və avadanlıqlar bir-birilə koordinasiya vəziyyətində işləyir, əməliyyatlar paylayıcı şəbəkənin tələblərinə avtomatik uyğunlaşdırılır, informasiya və texniki təhlükəsizlik sistemlərinin qərarvermə qabiliyyəti təmin edilir. Ən əsası, “Yaşıl enerji” mənbələri şəbəkəyə inteqrasiya olunur. Bərpa olunan enerji mənbələrinin şəbəkələrə inteqrasiyası rəqəmsal yarımstansiyada avtomatik idarə edildiyindən elektrik enerjisi təchizatında fasilələrin yaranması tam aradan qaldırılır. İstehlakçılar yarana biləcək texniki fasilə barədə məlumatı onlayn qaydada əvvəlcədən alır.
Bir sözlə, Qarabağda mövcud enerji güclərinin potensialı artırılır, elektrik enerjisinin istehsalı və ötürülməsi sahəsində irimiqyaslı təmir, bərpa və yenidənqurma işləri həyata keçirilir.

Mahir Həmzəoğlu