• 26 Aprel 2024
logo
“Zəngəzur dəhlizi kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək”

“Zəngəzur dəhlizi kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək”

Vüqar Bayramov: “Eyni zamanda Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə Qarabağa səfər etdi. Türkiyə Prezidentinin təyyarəsinin birbaşa Füzuli hava limanına enməsi bölgənin yaxın perspektivdə daha canlanacaının mesajıdır. Türk dünyasının iki lideri- Azərbaycan və Türkiyə Prezidentləri Füzuli hava Limanının açılışınıhəyata keçirdilər. Eyni zamanda Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini qoydular.
Millət vəkili Vüqar Bayramov bildirib ki, Azərbaycan və Türkiyə Prezidentləri Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini qoydular: “Yalnız iki Türk dövləti deyil, bütövlükdə bölgə, eyni zamanda türkdilli ölkələr üçün strateji əhəmiyyət daşıyacaq bu təməlqoyma regionda yeni düzənin formalaşdığını bir daha təsdiq etdi. Dəhliz Zəngəzur bölgəsindən keçməklə həmçinin Şərqi Zəngəzurun infrastrukturunu da özünə inteqrasiya edəcək. Bu baxımdan təməli qoyulan yeni avtomobil yol Zəngəzur dəhlizinə inteqrasiya olunacağı üçün onun infrastruktur elementinə çevriləcək. Digər tərəfdən, son təməlqoyma mərasimi də göstərir ki, Zəngəzur dəhlizinin reallaşması sadəcə zaman məsələsidir. Dəhlizin yaxın illərdə istifadəyə verilməsi praktik olaraq, qaçılmazdır.
Zəngəzur dəhlizi yalnız Qafqaz üçün deyil, daha geniş anlamda region üçün strateji əhəmiyyətə malik olacaq. Söhbət 1.1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan türkdilli ölkələri strateji və iqtisadi baxımdan birləşdirəcək dəhlizdən gedir. Belə ki, Türkiyə 761.4 milyard dollar, Qazaxıstan 181.7 milyard dollar, Özbəkistan 57.9 miyard dollar, Azərbaycan 48 milyard dollar, Türkmənistan 48 milyard dollar və Qırğıxstan 8.5 milyard dollar nominal ÜDM-ə malikdirlər. Bu isə ondan xəbər verir ki, Zəngəzur dəhlizi kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək.
Zəngəzur dəhlizinin istifadəyə verilməsi eyni zamanda Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi nümayiş etdirir. Bu Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq.
Dəhliz Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndırəcək, ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artıracaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsi ilə birləşəcək”.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu diqqətə çatdırdı ki, Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan İkinci Qarabağ müharibəsindən sonra iki dəfə Qarabağda oldu: “Füzuli hava limanı beynəlxalq statusa malikdir. Bu o deməkdir ki, Füzuli hava limanı istənilən dövlətin rəsmi nümayəndə heyətini daşıyan təyyarəni qəbul etməyə hazırdır.
Əsas sual budur: Türkiyədən sonra digər hansı dövlətin rəhbərinin təyyarəsi Füzuli hava limanına enərək Qarabağa səfər edəcək?
Cənubi Qafqaz bölgəsində iki dövlətin – Türkiyə və Rusiyanın ağırlığı var. Odur ki, Rusiya prezidenti Vladimir Putinin Rəcəb Tayyib Ərdoğanın ardınca Qarabağa gəlişi mümkündürmü?
44 gündən sonra İkinci Qarabağ savaşını durduran Rusiya prezidenti Vladimir Putin oldu. Məhz onun səyləri nəticəsində noyabrın 10-da Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında məlum bəyanat imzalandı. İki ay sonra liderlər arasında Moskvada ikinci bəyanat imzalandı. Bununla bərabər 3 ölkənin baş nazirlərinin müavinləri səviyyəsində təmas qrupu formalaşaraq il ərzində Moskvada bir neçə dəfə görüşdü. Digər tərəfdən Rusiya sülhməramlılarının Qarabağda varlığı da Rusiyanın Azərbaycanla Ermənistan arasında əsas vasitəçi olduğuna dəlalət edir. Vladimir Putin Azərbaycanla Ermənistan arasında sərhəddin müəyyənləşdirilməsi məqsədilə aparılacaq danışıqlarda da tək vasitəçinin Rusiya olacağını vurğulayıb”.
Politoloq əlavə edib ki, Rusiyanın xeyrinə olan bütün bu amillər nəzərə alaraq Kreml sahibinin gələcəkdə Qarabağa səfəri aktuallaşa bilər: “Putinin özü də iki dəfə Qarabağa səfər edən türkiyəli həmkarı Ərdoğan geri qalmaq istəməz. Ancaq Putinin hazırki şərtlər daxilində Qarabağa səfəri Azərbaycanın maraqlarına cavab vermir. Çünki, Putinin təyyarəsi Qarabağa endikdən sonra o İlham Əliyevlə görüşüb fikir mübadiləsi apardıqdan sonra “neytrallığını” qorumaq məqsədilə Xankəndiyə gedərək erməni separatçılarının lideri ilə də görüşəcək. Belə bir görüşü Azərbaycan heç bir halda qəbul edə bilməz. Putinin Şuşayla yanaşı Xankəndiyə gəlişinin Azərbaycana zərəri faydasından çoxdur. Ona görə də Azərbaycan Qarabağın tamamına nəzarət etmədən və bölgədəki erməniləri tərksilah etmədən Kreml sahibinin Qarabağa gəlişinə ehtiyac yoxdur. Putinin özü də anlayır ki, hazırki şərtlər daxilində Qarabağa gəlib Şuşayla yanaşı Xankəndinə getsə bu Azərbaycan-Rusiya münasibətlərində gərginliyə səbəb olacaq. Putinin yalnız Şuşaya və ya Füzuli, Zəngilanı ziyarəti isə erməniləri narazı salacaq. Putin erməniləri də narazı salmaq istəməz. Ona görə də Rusiya prezidentinin Qarabağa səfərindən əvvəl Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmalı, sərhədlər müəyyənləşməli və Zəngəzur dəhlizi açılmalıdır.
Buna baxmayaraq, başqa dövlətlərin rəsmilərinin Füzuli hava limanı üzərindən Qarabağa gəlişləri mümkündür. Bu sırada Azərbaycana dost dövlətlərin – Pakistan, Ukrayna, Gürcüstan, Macarıstanın rəsmi nümayəndə heyətlərinin Qarabağla tanış olmaları mümkündür. Şuşa tam bərpa olunduqdan sonra bu şəhərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə toplantısını da keçirmək mümkündür”.
Politoloq Samir Hümbətovisə bildirib ki, 26 oktyabr 2021-ci ildə Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın II Qarabağ savaşından sonra artıq 3-cü səfəri gerçəkləşdi: “Bu səfər çərçivəsində Azərbaycan prezidenti cənab İlham Əliyev və Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanının açılışını etdilər, Zəngəzur dəhlizinin təməlqoyma mərasimində iştirak etdilər və təqribən İran sərhəddindən 10 kilometr məsafədə yerləşən Zəbgilan raynunun Ağalı kəndində birgə mətbaut konfransında iştirak etdilər.
Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanının tikintisindən sonra ilk xarici qonaq kimi bu hava limanına gəlişi və ölkə başçısı cənab İlham Əliyevlə birgə bu hava limanının açılışında iştirak etməsi, hava limanının rəmzi açarlarını götürməsinin özü siyasi mesaj xarakteri daşıyır və bununla hər iki dövlət başçısı dünyaya qəti mesaj vermiş olurlar. Bu o deməkdir ki, Füzuli Beynəlxalq Hava Limanı qapılarını ilk xarici ölkə olaraq Türkiyə təyyarələrinin üzünə açmış oldu və ehtimal olunur ki, Türkiyənin İstanbul, Ankara, İzmir və Bursa kimi böyük şəhərlərindən bura mütəmadi uçuşlar həyata keçrilə bilər. Bu isə qardaş Türkiyə şirkətlərinin Qarabağın yenidən qurulmasında daha da aktiv şəkildə iştirakını təmin etməklə yanaşı, həm də türk iş adamlarının regiona gəlişinin daha da asanlaşmasına şərait yaratmış olur.
Daha sonra hər iki ölkə başçısının Zəngəzur dəhlizinin təməlqoyma mərasimində birgə iştirakı isə region və dünya dövlətlərinə verilmiş digər önəmli mesajlardan biri hesab edilə bilər. Bu təməlqoyma mərasiminin baş tutması ilə hər iki ölkə başçısı açıq şəkildə bildirdi ki, Zəngəzur dəhlizinin açılamasına kimin qarşı çıxmasından asılı olmayaraq bu dəhliz mütləq açılacaq.
Nəhayət, hər iki ölkə lider arasında həm təkbətək baş tutan görüş, həm də birgə keçirdikləri mətbuat konfransı seçildiyi yer baxımından və konfransda söylənilən fikirlər baxımından vacib əhəmiyyətə malik mesaj kimi qəbul edilə bilər.
Son olaraq onu da qeyd etmək lazımdır ki, Türkiyə prezidentinin Azərbaycana səfəri və burada iştirak etdiyi tədbirlərdən sonra Rusiya mətbuatında Azərbaycana qarşı ritorikanın dəyişməsi və nisbətən aqressiyanın artması hiss edilməkdədir. Bu aqqressiya içərsində əsas yeri Dağlıq Qarabağ termininin işlədiləməsi tutur”.

Əli