• 30 Noyabr 2021
logo
BVF: Azərbaycanda iqtisadi bərpanın drayveri qeyri-neft sektorudur

BVF: Azərbaycanda iqtisadi bərpanın drayveri qeyri-neft sektorudur

Azərbaycan iqtisadiyyatının hazırkı bərpasının əsas drayverləri qeyri-neft sektoru, vaksinasiyanın sürətlənməsi və dövlət tərəfindən görülmüş fiskal və maliyyə tədbirləridir.
Bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azur "APA-Economics"in sualını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, "OPEC+" kvotalarına uyğun olaraq hasilatın, neft və qazın qiymətlərinin artması Azərbaycanın beynəlxalq valyuta ehtiyatlarını artıracaq və icmal büdcəsində yaranmış kəsiri azaltmağa kömək edəcək.
Qeyd edək ki, 2020-ci ilin yekunlarına görə, icmal büdcənin kəsiri 4,698 mlrd. manat və ya ÜDM-in 6,5%-nə bərabər olub. Beynəlxalq valyuta ehtiyatlarına gəldikdə, son məlumata görə, Azərbaycanın strateji valyuta ehtiyatları ilin əvvəlindən 4,8% artaraq 53,2 mlrd. ABŞ dollarına çatıb.
Xatırladaq ki, BVF-nin proqnozlarına görə, bu il Azərbaycanın qeyri-neft ÜDM-i 4,5%, gələn ilə isə 3,5% artacaq. Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının bu il 3%, gələn il isə 2,3% böyüyəcəyi gözlənilir.