• 20 Aprel 2024
logo
BMT İnkişaf Proqramı ilə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

BMT İnkişaf Proqramı ilə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov BMT İnkişaf Proqramının (UNDP) Azərbaycanda fəaliyyət müddəti başa çatan rezident nümayəndəsi Alessandro Frakassetti ilə görüşüb.
Nazirlikdən verilən məlumata görə, iqtisadiyyat naziri UNDP-nin ölkəmizdə gördüyü işlərin, həyata keçirilmiş layihələrin əhəmiyyətini vurğulayıb, rezident nümayəndəyə səmərəli fəaliyyətinə görə minnətdarlıq edib, gələcək işlərində uğurlar arzulayıb. Görüşdə UNDP-nin innovasiya, “yaşıl iqtisadiyyat”, regionlarda sosial-iqtisadi və biznes əlaqələrinin genişləndirilməsi kimi istiqamətlər üzrə göstərdiyi dəstəyin əhəmiyyəti qeyd edilib.
Alessandro Frakassetti fəaliyyəti müddətində ona göstərilən diqqətə görə təşəkkür edib, Azərbaycan hökuməti tərəfindən UNDP-nin ölkəmizdə fəaliyyətinin səmərəli təşkilinə göstərilən dəstəyi yüksək qiymətləndirib. Bildirilib ki, UNDP “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə və “2021-2025-ci illər üçün sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq Azərbaycan hökumətinə dəstək verməyə hazırdır.
Tərəflər UNDP-nin Azərbaycanda fəaliyyəti, əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikir mübadiləsi aparıblar.