• 23 Aprel 2024
logo
Azərbaycan İKT-nin inkişafı üzrə qlobal reytinqdə mövqeyini yaxşılaşdırıb

Azərbaycan İKT-nin inkişafı üzrə qlobal reytinqdə mövqeyini yaxşılaşdırıb

Dünyanın 132 ölkəsinin innovasiya sistemlərinin müqayisəli təhlilinin nəticələrini və onların innovativ inkişaf səviyyəsinə görə reytinqini əhatə edən "Global Innovation Index 2021" (GII 2021) hesabatına əsasən, Azərbaycan İKT-nin ikişafına görə dünyada 66,6 bəndlə 67-ci pillədə qərarlaşıb.
"APA-Economics"in hesabata istinadən verdiyi məlumata görə, ölkə bu göstərici üzrə 2020-ci ilin hesabatı ilə müqayisədə bir pillə irəliləyib.
İKT göstəricisi İKT-nin əlçatanlığı, istifadəsi, dövlətin təqdim etdiyi onlayn xidmətlər və əhalinin internet şəbəkəsində iştirakı kimi subindikatorlardan formalaşır. Belə ki, İKT-nin əlçatanlığına görə Azərbaycan 68,6 bəndlə dünyada 64-cü, istifadəsinə görə 58 bəndlə 65-ci, dövlətin təqdim etdiyi onlayn xidmətlər görə 70,6 bəndlə 65-ci, əhalinin internet şəbəkəsində iştirakı görə isə 69 bəndlə 73-cüdür.
İKT göstəricisi, öz növbəsində, ümumi infrastruktur göstəricisinə aiddir və Azərbaycan bu göstərici üzrə (infrastruktur) 35,1 bəndlə 88-ci yerdədir, halbuki 2020-ci ildə 36,1 bəndlə 85-ci olub.
Qeyd edək ki, Azərbaycanın "GII 2021" tərəfindən təyin olunan ümumi göstəricisi 28,4 bənd təşkil edir və ölkə 2020-ci ilin hesabatı ilə müqayisədə iki pillə irəliləyərək 82-ci yerdən 80-ci yerə yüksəlib.
Ayrı-ayrı göstəricilərinə gəldikdə, Azərbaycanın siyasi, tənzimləyici, biznes mühitini özündə birləşdirən institusional göstəricisi 65,5 bəndə bərabərdir və ölkə təkcə bu göstəriciyə görə 58-ci yerdədir. İnsan kapitalı və tədqiqat göstəricisi üzrə Azərbaycan 24,2 bəndlə 89-cu, biznesin inkişaf səviyyəsi üzrə 20,7 bəndlə 92-ci, bilik və texnologiyalarda nəticələri üzrə 10,5 bəndlə 115-ci və yaradıcı nəticələr göstəricisi üzrə 23,5 bəndlə dünyada 67-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, reytinqin liderləri Cənubi Koreya, Böyük Britaniya və Danimarka, autsayderləri isə Yəmən, Madaqaskar və Niger olub.