• 28 Mart 2024
logo
MM-in komitə sədri: “Azərbaycanda islahatların “Doing Business” hesabatlarında qərəzli şəkildə nəzərə alınmadığı üzə çıxıb"

MM-in komitə sədri: “Azərbaycanda islahatların “Doing Business” hesabatlarında qərəzli şəkildə nəzərə alınmadığı üzə çıxıb"

“Dünya Bankı “Doing Business” hesabatlarının nəşrini tamamilə dayandırmağa qərar verməsinin səbəblərindən biri də hesabatda Azərbaycana qarşı qərəzli münasibətin və ölkənin reytinqinin süni formada azaldılmasının üzə çıxması olub”.

Bunu açıqlamasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.
T. Mirkişili deyib ki, daha öncə - 2020-ci il 27 avqust tarixində açıqlanmış press-relizdə hesabatda nəticələrin saxtalaşdırıldığı əsas gətirilərək hesabatın nəşri təxirə salınmışdı: “Hesabatlardakı yanlışlıqların aradan qaldırılması məqsədi ilə qurum tərəfindən kənar audit şirkəti - “WilmerHale” şirkət cəlb edilib və son 5 ilin sistematik qiymətləndirilməsi aparılıb. Burada xüsusilə qeyd etmək lazımdır ki, məlumatların doğru əks olunmadığı bildirilən 4 ölkə - Səudiyyə Ərəbistanı, BƏƏ, Çin və Azərbaycan arasında yeganə olaraq Azərbaycanın göstəricilərinin süni olaraq qurum tərəfindən azaldıldığı, aparılan bir sıra islahatların hesabat üzrə qiymətləndirmələrdə üzə çıxmadığı məlum olub. Başqa sözlə, əgər Dünya Bankı tərəfindən 2020-ci il üzrə hesabatda nəticələr saxtalaşdırılmasaydı, Çin 7 pillə, Səudiyyə Ərəbistanı 1 pillə geri mövqedə, BƏƏ olduğu mövqedə, Azərbaycan isə 6 pillə daha ön reytinqdə qərarlaşacaqdı. Azərbaycan üzrə göstəricilər pisləşdirilib, nəticədə bu, ölkənin ötənilki reytinqinə mənfi təsir edib”.

Parlamentin komitə sədri aparıcı dünya mətbu orqanlarının da Azərbaycanda aparılan islahatların “Doing Business” hesabatlarında qərəzli şəkildə nəzərə alınmadığından yazdığını xatırladıb: “Qeyd edilir ki, reytinqdəki dəyişikliklər Dünya Bankının keçmiş rəhbəri Cim Yong Kim, Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristalina Georgiyeva və reytinq yaradıcılarından biri Simon Dyankovun təzyiqi ilə edilib. Hazırda araşdırma davam edir. Azərbaycanda gəldikdə, "Doing Business" reytinqinin son buraxılışında Simon Dyankov ölkədən gələn məlumatları, hətta "Doing Business" komandasının yoxlamasından sonra belə tanımamağa qərar verib və islahatlarla bağlı üç amil üzrə məlumatların tam doğru olmadığını bildirib. Nəticədə, Simon Dyankov tərəfindən edilən dəyişikliklər Azərbaycanın "Doing Business" reytinqindəki göstəricisinə mənfi təsir edib - ölkənin mövqeyi iki bənd aşağı salınıb. Bu da Azərbaycanın ən yaxşı inkişaf edən ölkələr siyahısından çıxarılmasına səbəb olub. Bundan əlavə, Simon Dyankov hesabatın dərc olunmasına az bir müddət qalmış minoritar investorların qorunması üzrə göstəricinin (PMI) hesablanmasının metodologiyasında dəyişiklik edib ki, bu da Azərbaycanın hesabatda daha üç bənd itirməsinə səbəb olub. Bu dəyişikliyin gələcək hesabatlarda reallaşması gözlənilsə də, Dyankov onun Azərbaycanın reytinqinə mənfi təsir edəcəyini bilib, həmin dəyişikliyin tətbiqini sürətləndirib və dəyişiklik bir neçə həftə ərzində tətbiq edilib. Daha sonra müsahibəsində Simon Dyankov PMI metodologiyasını dəyişdirməyin lazım olduğunu qəbul etsə də, üzv ölkələrə təklif olunan düzəliş haqqında əvvəlcədən məlumat vermək və onu gələcək hesabatlara daxil etmək əvəzinə, dəyişikliyi dərhal etməklə səhv etdiyini etiraf edib. “Doing Business” hesabatlarında bir sıra hallarda ölkələrə qərəzli yanaşılması barədə dünya mətbuatında daha öncə də fikirlər əks olunub. Gələcəkdə Dünya Bankı tərəfindən biznes və investisiya mühitinin qiymətləndirilməsi məqsədi ilə yeni yanaşmalar əsasında metodologiyaların və qiymətləndirmələrin aparılacağı da anons edilib”.

T. Mirkişili nəzərə çatdırıb ki, aparılan audit yoxlamalarının nəticəsi olaraq hazırlanmış hesabatda düzəlişlər edildikdən sonra Azərbaycanın göstəricisi 6 pillə artmaqla 34-dən 28-ci mövqeyə yüksəlib.