• 27 Oktyabr 2021
logo
UNCTAD: Bu il qlobal iqtisadiyyat son 50 il ərzində ən yüksək templə böyüyəcək

UNCTAD: Bu il qlobal iqtisadiyyat son 50 il ərzində ən yüksək templə böyüyəcək

Bu il qlobal iqtisadiyyat son 50 il ərzində qeydə alınan ən yüksək templə – 5,3% böyüyəcək.
Bu barədə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) məlumatında deyilir.
Bildirilir ki, qlobal ÜDM-nin 5,3%-lik gözlənilən artımına baxmayaraq, artım inklüziv olmayacaq və regionlar üzrə qeyri-bərabər yayılacaq. Qeyd edilir ki, 2017-2019-cu illərdəki ortalama 3%-lik iqtisadi böyüməni nəzərə alaraq, qlobal ÜDM istehsalı 2022-ci ildə hələ də COVID-19 pandemiyasından əvvəlki səviyyədən 3,7% az olacaq. 2022-ci ilin proqnozuna gəldikdə, gələn il konfrans qlobal ÜDM-nin 3,6% artacağını proqnozlaşdırır.
"Siyasətçilər özlərini itirərək iqtisadiyyatın bağlanmasına və ya yenidən tənzimlənməsinə yönəlik çağırışlara qulaq asarlarsa, gələn il artımın yavaşlaması gözləniləndən daha kəskin ola bilər. İnkişaf etmiş iqtisadiyyatlardakı siyasətçilər hələ də inkişaf etməkdə olan ölkələrin yaşadıqları iqtisadi şokların miqyasını və davamlığını dərk etməyiblər. Bir çox cənub ölkələri qlobal maliyyə böhranı dövrünə nisbətən daha çox zərər görüblər və onların indi daha ağır olan borc yükü, maliyyə siyasəti üçün manevrlərini azaldır", - deyə UNCTAD-ın məlumatında deyilir.
Qurumun məlumatında vurğulanır ki, inkişaf etmiş ölkələrdə pandemiyaya cavab tədbirləri vəziyyəti aktivləşdirdi və maliyyə məhdudiyyətlərini dayandırdı, lakin inkişaf etməkdə olan ölkələrdə vəziyyət fərqlidir. Beynəlxalq qaydalar və təcrübələr sözügedən ölkələri pandemiyadan əvvəlki iqtisadi stress vəziyyətində saxlayır.
Qeyd edək ki, UNCTAD-ın yeni proqnozlarına görə, bu il ABŞ iqtisadiyyatı 5,7%, Çin iqtisadiyyatı isə 8,3% artacaq. Türkiyə və Rusiya iqtisadiyyatlarında isə müvafiq olaraq 3,9%-lik və 3,8%-lik böyümə gözlənilir.