Azərbaycana turizm məqsədilə gələn əcnəbi turistlərin çəkdiyi xərclər xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının turizm məqsədilə çəkdiyi xərcləri üstələməyə başlayıb.
2013-cü ildə xaricə gedən Azərbaycan vətəndaşları ölkəmizə gələn turistlərdən daha çox vəsait sərf ediblər. Həmin ildə Azərbaycana gələn əcnəbi turistlər turizm məqsədilə 1 milyard 255 milyon 400 min manat , xaricə gedən Azərbaycan vətəndaşları isə 1 milyard 861 milyon 700 min manat vəsait xərcləyiblər.
Sonrakı 3 il ərzində (2014-1016) də xaricə gedən azərbaycanlıların xərclədiyi vəsaitlərin məbləği ölkəmizə gələn əcnəbilərin xərclədiyi məbləği üstələyib.
Lakin 2017-ci ildən sonra Azərbaycana gələn əcnəbilər turizm məqsədilə daha çox pul xərcləməyə başlayıblar.
2017-ci ildə Azərbaycana gələn əcnəbi turistlər turizm məqsədilə 2 milyard 285 milyon 300 min manat, xaricə gedən Azərbaycan vətəndaşları 1 milyard 678 milyon 900 min manat vəsait xərcləyiblər.
2018-ci ildə isə ölkəmizə gələn əcnəbilərin turizm məqsədilə xərclədiyi vəsaitin məbləği 2 milyard 661 milyon 600 min manat, xaricə gedən Azərbaycan vətəndaşlarının xərclədiyi vəsaitin məbləği 2 milyard 387 milyon 400 min manat olub.