• 25 Noyabr 2020
logo
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı artıb - Hansı məhsullar öndədir?

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı artıb - Hansı məhsullar öndədir?

2019-cu ilin yanvar-sentyabr aylarında qeyri-neft sektoru üzrə ixrac 17 faiz artıb.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin oktyabr sayında qeyd edilir.

İcmalın bu sayında göstərilir ki, bu ilin 9 ayında Azexport.az portalına 436,4 milyon ABŞ dolları dəyərində ixrac sifarişi daxil olub. 2019-cu ilin yanvar-sentyabr ayları ərzində qeyri-neft sektoru üzrə 1 milyard 413 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 9 ayında qeyri-neft sektoru üzrə ixrac 206 milyon ABŞ dolları və ya 17 faiz artıb.

Dövr ərzində Rusiyaya 465,6 milyon, Türkiyəyə 304 milyon, İsveçrəyə 125,4 milyon, Gürcüstana 123,2 milyon və İtaliyaya 34,4 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 9 ayında Rusiyaya qeyri-neft ixracı 16 faiz, Türkiyəyə 10 faiz, İsveçrəyə 19 faiz, Gürcüstana 26 faiz və İtaliyaya 2,2 dəfə artıb.

2019-cu ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (142,3 milyon ABŞ dolları) liderliyini qoruyub. Bu siyahıda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 120,8 milyon ABŞ dolları) ikinci və qabığı təmizlənmiş meşə fındığı (87,9 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.

Ümumiyyətlə, 2019-cu ilin 9 ayı ərzində meyvə-tərəvəz ixracı 389,8 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 152 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 97,2 milyon, pambıq lifi ixracı 86,7 milyon, kimya sənayesi məhsullarının ixracı 76,6 milyon, elektrik enerjisinin ixracı 62,9 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46,7 milyon, şəkər ixracı 23,2 milyon, pambıq ipliyi ixracı 22,5 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 20,3 milyon ABŞ dolları təşkil edib.