• 25 Noyabr 2020
logo
Ekspert: Bakıda Astronavtika Konqresinin keçirilməsi Azərbaycanın müasir texnologiyalar sahəsində uğurlarının nəticəsidir

Ekspert: Bakıda Astronavtika Konqresinin keçirilməsi Azərbaycanın müasir texnologiyalar sahəsində uğurlarının nəticəsidir

Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyası səviyyəsində qəbul olunmuş Beynəlxalq Astronavtika Konqresinin 2022-ci ildə Bakıda keçirilməsi barədə qərar əlamətdar hadisədir və Azərbaycanın növbəti parlaq qələbəsidir.
Bunu müstəqil ekspert Tahir Sabitov deyib.
O bildirib ki, konqres müasir texnologiyalar sahəsində dünya miqyaslı vacib beynəlxalq tədbirdir:
“Növbəti konqresin Azərbaycanda keçirilməsinin dəstəklənməsi Azərbaycanın siyasi nüfuzunun və ona etimadın göstəricisidir. Bu cür dəstək tamamilə qanunauyğundur, çünki Azərbaycan müasir texnologiyalar, kosmik sənaye sahələrində mühüm nailiyyətlər nümayiş etdirir. Gənc müstəqil ölkə 3 peykə malikdir VI kosmik klubun azsaylı üzvlərindən biridir”.
Ekspertin sözlərinə görə, Bakıda Astronavtika Konqresinin keçirilməsi Azərbaycanın müasir texnologiyalar sahəsində uğurlarının nəticəsidir:
“Son dövrlərdə Azərbaycanın dünyadakı nüfuzu mühüm şəkildə artıb, ölkə Türk Şurasında sədrlik edir və BMT-dən sonra ikinci ən iri təşkilatda – Qoşulmama Hərəkatında rəhbərliyə başlayıb. 120 ölkənin yekdilliklə Azərbaycanı Qoşulmama Hərəkatına sədr seçməsi çox böyük hadisədir və tarixi nailiyyətdir. Əminəm ki, bu statuslu Astronavtika Konqresi də Bakıda ən yüksək səviyyədə keçiriləcək”.
Qeyd edək ki, ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhəri 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanıb.