Sahibkarlar Azərbaycana qida məhsulları gətirmək üçün AQTA-ya elektron sistem vasitəsilə müraciət edəcəklər.
Trend-in məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sektor müdiri Samir Rüstəmli bildirib.
Onun sözlərinə görə, elektron sistem bu ilin sonuna kimi yaradılacaq:
"Sistem “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələrək yaradılır. Bu ilin sonunadək idxal-ixrac prosedurlarının tam elektronlaşdırılması nəzərdə tutulub. Bununla da sahibkarlar ofislərini, iş yerlərini tərk etmədən Agentliyə müraciət edə biləcəklər".
S.Rüstəmli bəzi sahibkarlara xəbərdarlıq da edib:
"Ölkəyə məhsul idxal etmək üçün ticarət tərəfdaşlarını düzgün seçsinlər. Bununla da, onlar etibarlı idxalçı statusuna malik olmaqla idxal etdikləri məhsulların yoxlanma tezliyinin azalmasına nail olacaq və ölkə əhalisinin təhlükəsiz qida ilə təmin olunmasına töhfə verəcəklər".