Mərkəzi Bank 2021-ci ilin ilk yarısında 25 not hərracı keçirib və bu hərracların 3-də uzunmüddətli (84 günlük, 168 günlük, 252 günlük) notlar, digər 22-də isə 28 günlük notlar yerləşdirilib.
Yarımilliyin sonuna notlar vasitəsilə sterilizasiya olunmuş vəsaitin toplam qalığı 520 mln. manat təşkil edib.
Notların yerləşdirilməsi üzrə hərraclarda tələbin təklifi üstələməsi müşahidə olunmuş, nəticədə bu alətlər üzrə gəlirlilik faiz dəhlizinin aşağı həddinə yaxın səviyyədə qərarlaşıb.
Qeyd edək ki, aprelin 30-da faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edən AMB-nin sədri Elman Rüstəmov bildirmişdi ki, AMB ölkə iqtisadiyyatında likvidliyin dəstəklənməsi məqsədilə sterilizasiya əməliyyatlarının həcmini azaldıb və hazırda bank sektorunda likvidlik səviyyəsi normanı iki dəfə üstələyir və 63-64% təşkil edir.
Xatırladaq ki, 2020-ci il ərzində iqtisadiyyatda likvidliyin effektiv idarə olunması məqsədilə AMB müxtəlif müddətli bazar əməliyyatları aparırdı. COVID-19 pandemiyasının başladığı ötən ilin mart ayından bəri AMB makroiqtisadi sabitlik və valyuta bazarı üzərində yaratmış olduğu təhdidlərin yumşaldılması məqsədilə sterilizasiya alətlərinin müddətlərinə dəyişiklik edib, bununla da sterilizasiya portfelinin durasiyası azaldılıb.