• 22 Noyabr 2019
logo
add image
Bakı Ali Neft Məktəbində SPE-nin regional sammiti keçirilib

Bakı Ali Neft Məktəbində SPE-nin regional sammiti keçirilib

Bakı Ali Neft Məktəbində (BANM) Neft Mühəndisləri Cəmiyyətinin (SPE - Society of Petroleum Engineers) “Regional Tələbə İnkişafı Sammiti” keçirilib.
BANM-in təşkilati dəstəyi ilə həyata keçirilən tədbirdə Azərbaycan, Rusiya, Qazaxıstan və Özbəkistandan olan gənc mütəxəssislər və tələbələr iştirak ediblər.
SOCAR, “BP”, “Equinar” və “Schlumberger” şirkətlərinin sponsorluğu ilə həyata keçirilən tədbir iki gün davam edib.
Sammit Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun çıxışı ilə açıq elan edilib. Rektor sammit iştirakçılarını salamlayaraq, SPE-nin neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr və gənc mütəxəssislər üçün geniş imkanlar açdığını bildirib. Eyni zamanda, E.Qasımov tələbələri SPE-nin təşkil etdiyi tədbirlərdə və həyata keçirdiyi layihələrdə aktiv olmağa çağırıb.
Sammit çərçivəsində həmçinin, SPE-nin Prezidenti Şauna Nunan tələbələr qarşısında təqdimatla çıxış edib. O, ilk olaraq, dəstəyə və yüksək təşkilatçılığa görə BANM rəhbərliyinə öz təşəkkürünü bildirib.
SPE-nin prezidenti bildirib ki, qeyri-hökumət təşkilatı olan Neft Mühəndisləri Cəmiyyətinin əsas məqsədi tələbə və gənc mühəndislərin inkişafına töhfə vermək, dünya neft sənayesinin təcrübəli mütəxəssislərini bir araya gətirmək, onlara elmi işlərin aparılması, nəticələrin təqdim edilməsi istiqamətində kömək etmək, təcrübələrini paylaşmaq üçün müxtəlif konfranslar, forum, sammit və sərgilər keçirərək şərait yaratmaqdır.
SPE-nin nümayəndəsi Yaroslava Orlova, SPE-nin Rusiya və Xəzər region üzrə direktoru Aizana Cussupbekova, SPE Azərbaycanın bölmə rəhbəri Aydın Kərimov müxtəlif mövzular üzrə təqdimatlarla çıxış ediblər.
Sammitin BANM-də keçirilən ilk iki günü ərzində tələbələr üçün təlim və müsabiqə də keçirilib.