• 28 May 2023
logo
Xarici ölkələr Qarabağda bərpa proqramlarına maraq göstərir

Xarici ölkələr Qarabağda bərpa proqramlarına maraq göstərir

Qələbə ilə nəticələnən 44 günlük müharibədən sonar Qarabağda işğaldan azad olunmuş torpaqlarımızda bərpa işlərinə başlanılıb. İlk öncə ərzailərin minalardan təmizlənməsi və infrastrukturun yenidən qurulması üzrə layihələr həyata keçirilir. Qarabağda quruculuq işlərinin aparılması üçün 2021-ci ilin dövlət büdcəsində 2,2 milyard manat vəsait də nəzərdə tutulub. Hazırda bu işlər Azərbaycan dövlətinin maliyyə imkanları hesabına həyata keçirilir. Lakin yaxın gələcəkdə bərpa işlərinə digər potensial maliyyə mənbələri də cəld edilə bilər. Son vaxtlar bu sahədə xarici ölkə şirkətlərinin də marağının artdığı müşahidə olunur. Türkiyə, Pakistan, İsrail, Macarıstan, İran, İtaliya, ABŞ, Böyük Britaniya və s. işğaldan azad olunmuş ərazilərimizin bərpası prosesində iştirak etmək arzusunda olduqlarını bildirirlər.
Azərbaycan Respublikasının Prezidentinin 4 yanvar 2021-ci il tarixli fərmanı ilə işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə “Qarabağ Dirçəliş Fondu” yaradılıb. Bu fond Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işləri həyata keçirəcək.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib ki, Azərbaycanın azad edilmiş ərazilərində təhlükəsizlik təmin olunandan və əhali oraya qayıdandan sonra Avropa İttifaqının (Aİ) proqramlarının həmin ərazilərdə icrası imkanlarını nəzərdən keçirmək olar. Onun sözlərinə görə, Aİ nümayəndələri dəfələrlə azad edilmiş ərazilərin tam bərpasına dəstəyini ifadə edib. K.Yankauskas əlavə edib ki, Azərbaycan azad edilmiş ərazilərin bərpası üçün Avropa şirkətlərini dəvət etsə, bir çox şirkət bu prosesdə iştirak etmək istəyəcək: "Azad edilmiş ərazilərin bərpası üçün çox iş görmək lazımdır, əgər hər kəs bu prosesə cəlb olunsa, daha tez başa çatdırmaq mümkün olacaq. Biz Azərbaycanla ümumi planları və imkanları müzakirə edirik. Aİ layihələri bütün ölkəni əhatə edir".
ABŞ şirkətləri də işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirak etmək niyyətlərini açıqlayıb. ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger xüsusilə su ehtiyatlarının idarə olunması, yol və digər infrastrukturun yaradılması, rəqəmsal və innovativ texnologiyalar sahəsində əməkdaşlıqda maraqlarını ifadə edib.
Artıq Qarabağda quruculuq işləri sahəsində bəzi şirkətlərlə konkret əməkdaşlığa başlanılıb. Belə ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində elektroenergetika infrastrukturunun yaradılması məqsədilə “Azərenerji” ASC ilə İtaliyanın “Ansaldo Energia” şirkəti arasında qarşılıqlı əməkdaşlıq sahəsində təchizat müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Ağdam, Füzuli, Kəlbəcər və Qubadlı rayonlarında inşa olunacaq 4 ədəd 110 kilovoltluq yarımstansiyanın avadanlıqlarla təchizatını məhz İtaliya şirkəti həyata keçirəcək.
Türkiyədə fəaliyyət göstərən, 130 texnologiya şirkətinə dəstək göstərən “GOSB” texnoparkı ilə Azərbaycan İnnovasiyalar Agentliyi arasında imzalanmış “Mədəni və Elmi Əməkdaşlıq” memorandumuna əsasən Qarabağda Yüksək Texnologiyalar Parkı yaradılacaq. Parkda ən son “soft” və “hard” elmi araşdırmaların aparılması, eyni zamanda yüksək texnoloji cihazların istehsalı planlaşdırılır.
Azərbaycan və Macarıstan macar şirkətlərinin Qarabağda ərazilərin bərpasında iştirak etməsini müzakirə ediblər. Macarıstanın “EximBank”ı rekonstruksiya proqramında iştirak etmək niyyətində olan macar şirkətləri üçün 100 milyon dollar məbləğində kredit xətti açıb. Müharibənin fəsadlarının aradan qaldırılması çərçivəsində Macarıstan ərazilərin minalardan təmizlənməsi işlərinə 25 min avro qrant təklif edib. Böyük Britaniya Qarabağın azad edilmiş ərazilərinin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərində Azərbaycana kömək göstərə biləcəyini bildirib.
Qarabağın bərpası prosesində xarici ölkələrlə əməkdaşlıq mühüm amil olmaqla yanaşı həm də çox faydalı ola bilər. Azərbaycan tərəfi də buna böyük maraq göstərir, çünki bərpa prosesi böyük vəsait tələb edir. Digər tərəfdən, ərazilərin ən müasir texnologiyalar əsasında yenidən qurulması üçün beynəlxalq təcrübənin tətbiqinə ehtiyac var…
Mahir Həmzəoğlu