• 20 Aprel 2024
logo
Azərbaycanda düşünülmüş uzunmüddətli siyasət ən yüksək səviyyədə həyata keçirilir

Azərbaycanda düşünülmüş uzunmüddətli siyasət ən yüksək səviyyədə həyata keçirilir

Ötən 9 ayın yekunları bir daha göstərdi ki, Azərbaycan dinamik inkişafını qoruyub saxlayır, insanların rifah halı və firavan yaşayışı təmin edilir, ölkəmizin beynəlxalq aləmdəki mövqeyi getdikcə güclənir.
Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Deputat bildirib ki, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar və atılan addımlar öz bəhrəsini verir. Elə bunun əyani isbatı kimi qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər: “Eynilə, kənd təsərrüfatı sahəsində reallaşdırılan reformaların, görülən işlərin və dövlət-fermer münasibətlərinin inkişafı kənd təsərrüfatı sahəsində doqquz ayda 7 faizdən çox artımın olmasına səbəb olub. Əlbəttə ki, dövlət borcu ilə bağlı göstəricilər də qənaətbəxşdir. Çünki, Azərbaycanın xarici dövlət borcu ümumidaxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu göstəriciyə görə, ölkəmiz dünya miqyasında 9-cu yerdədir. İnflyasiya da çox aşağı səviyyədədir və 2 faizdən bir qədər çoxdur. Ümumilikdə, demək olar ki, cari ilin doqquz ayı ərzində görülən işlərin çox müsbət nəticələri oldu”.
Sədaqət Vəliyeva əlavə edib ki, 2019-cu ildə ölkədə çox ciddi və böyük sosial paket reallaşdı. 4 milyon 200 mindən çox insanın maddi vəziyyəti yaxşılaşdı, pensiyalar, əməkhaqları, müavinətlər artırıldı: "Minimum pensiyanın alıcılıq qabiliyyətinin səviyyəsinə görə Azərbaycan bu gün MDB məkanında birinci, orta aylıq pensiyanın həcminə görə isə üçüncü yerdədir. Bütün bunlar onu göstərir ki, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Təsadüfi deyil ki, Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir”.
Milli Məclisin deputatı onu da qeyd edib ki, Azərbaycanın uğurları və nailiyyətləri beynəlxalq təşkilatlar, reytinq şirkətləri tərəfindən təqdir olunur, hətta dünyaya nümunə kimi göstərilir: “Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Valyuta Fondu və digər aparıcı beynəlxalq maliyyə qurumları Azərbaycanda aparılan islahatları yüksək qiymətləndirir.
"Doing Business” hesabatında Azərbaycan biznes mühitinə görə dünya miqyasında 25-ci yerdədir. Son hesabatda Azərbaycan yenə də 20 ən islahatçı ölkə sırasında yer alıb. Dünyanın 141 ölkəsi arasında keçirilən tədqiqatın nəticələri əsasında hazırlanmış hesabat əsasən, mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə görə Azərbaycan dünyada 18-ci yerdədir. Polis orqanlarına əhali tərəfindən inamın səviyyəsinə görə Azərbaycan 30-cu yerdədir. Mülkiyyət hüquqlarının qorunması sahəsində 37-cidir. Dövlətin və rəhbərliyin uzunmüddətli strategiyasına görə Azərbaycan dünya miqyasında 10-cu yerdədir. Rəhbərliyin islahatlara meyillilik səviyyəsinə görə dünyada 5-ci yerdəyik. Eləcə də nəqliyyat infrastrukturuna görə 31-ci, yol infrastrukturuna görə 27-ci, MDB məkanında birinci, dəmir yollarının səviyyəsinə görə 34-cü, nəqliyyat xidmətlərinin səmərəliliyinə görə 12-ci, elektrik enerjisinin əlçatanlıq əmsalına görə ikinci, fəal əhalinin rəqəmsal qabiliyyətinə görə 19-cu, biznesə başlamaq baxımından isə dünyada 8-ci yerdəyik”.
Sədaqət Vəliyeva vurğulayıb ki, Azərbaycanda düşünülmüş uzunmüddətli siyasət ən yüksək səviyyədə həyata keçirilir, ölkəmizdə aparılan islahatlar ardıcıl xarakter daşıyır.