““Regional İnnovativ Turizm Məhsulu” (RİTM) Azərbaycanda regional turizmə həsr olunmuş ilk startap proqramıdır. Layihədə kənd turizmi, e-ticarət, kulinariya , ümumilikdə bir çox turizm və qonaqpərvərlik sahələrinə aid olan startaplar təşviq olunacaq".
Bunu "Regional İnnovativ Turizm Məhsulu" (RİTM) proqramının təqdimatında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.
Onun sözlərinə görə, regional turizmi inkişaf etdirmək qarşıda duran əsas vəzifələrdəndir: "Regional turizmin inkişafı məşğulluğun artması və turizmyönümlü yeni sahibkarlıq subyektlərinin yaranmasına təkan verəcək əsas amillərdən biridir. Proqram, həmçinin bölgələrimizdə xidmət keyfiyyətinin artırılması , turizm məhsullarının sayının və növünün çoxaldılması , həm də dayanıqlı turizmin inkişafına töhfə verəcək. Ayrı-ayrı regionların turizm potensialı və özünəxas cəhətləri var. Bu fərqlilikləri nəzərə alaraq layihə şimalda Quba, Qusar, şimal-qərbdə Şəki, Şamaxı, İsmayıllı, Qəbələ, Zaqatala, Qax, Balakən, Oğuz , cənubda Lənkəran, Lerik, Masallı, qərbdə Gəncə, Mingəçevir, Naftalan, həmçinin Naxçıvan və Bakını əhatə edəcək. Bu regionlar, həmçinin “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində nəzərdə tutulmuş əsas turizm marşrutları və klasterlərini əhatə edir".
Kiçik və Orta Biznesi İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib ki, ölkənin turizm potensialının reallaşdırılması birgə əməkdaşlıq nəticəsində daha da inkişaf edir: "İsmayıllıda 15 sahibkarlıq obyekti, kənd qonaq evinin təqdimatını etmişik, digər regionlarda da həyata keçirmək üzrəyik. Şəkidə də bənzər layihəni icra edəcəyik. Astarada daxili və sərhədyanı turizmə kömək edəcək Turizm Kompleksinin açılması, Bakıda Balaxanıda olduğu kimi Bibiheybət və Pirşağının turizm məkanına çevrilməsi turizmi daha da inkişaf etdirəcək. Maydan etibarən startaplara şəhadətnamələrin verilməsinə başlanılıb. Bu sənədə əsasən, seçilmiş startaplara 3 il vergi imtiyazı verilir".