• 13 Noyabr 2019
logo
add image
Qərbi Çıraq platformasında hasilat 15 günlük dayandırılacaq

Qərbi Çıraq platformasında hasilat 15 günlük dayandırılacaq

BP Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yatağının əməliyyatçısı kimi məlumat verir ki, AÇG-nin illik iş proqramının bir hissəsi olaraq oktyabr ayında Xəzər dənizindəki Qərbi Çıraq platformasında planlaşdırılmış profilaktik işlər həyata keçiriləcək.
BP-dən verilən məlumata görə, plana əsasən Qərbi Çıraq platformasından hasilat oktyabr ayının 15-dən başlayaraq təxminən 15 gün ərzində dayandırılacaq ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin. Proqrama məşəl və idarəetmə sistemlərinin yeniləşdirilməsi kimi müxtəlif layihə işləri daxildir.
Belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə müntəzəm həyata keçirilir. Bu proqramın hazırlığına 2018-cı ildən başlanmışdır və proqram üzrə həyata keçirilən işlər 2019-cu ilin illik iş proqramı və büdcəsinə daxil edilmişdir. Platformanın müvəqqəti dayandırılması da bu ilin hasilat planına daxil edilmişdir.
Azəri-Çıraq-Günəşli (AÇG) yatağındakı digər platformalardan (Mərkəzi Azəri, Qərbi Azəri, Şərqi Azəri, Çıraq və Dərinsulu Günəşli) və Şahdəniz yatağındakı Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından hasilat, Səngəçal terminalında əməliyyatlar, həmçinin Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri vasitəsilə ixrac əməliyyatları normal davam edəcək.
Bu planlaşdırılmış proqramlar müntəzəm inspeksiya, profilaktik işlər və layihənin yerinə yetirilməsi fəaliyyətləri üçündür. Onlar obyektlərin uzunmüddətli təhlükəsiz, etibarlı, bütöv şəkildə, ətraf mühitə ziyan vurmadan istismarının bir hissədir və əsasən elə profilaktik təmir və modifikasiya işlərindən ibarət olur ki, həmin işləri yalnız obyektin fəaliyyətini müvəqqəti dayandıraraq həyata keçirmək mümkündür.