• 1 Oktyabr 2022
logo
Avrozonada işsizlik martda 8,1% təşkil edib

Avrozonada işsizlik martda 8,1% təşkil edib

Bu ilin mart ayının yekunlarına görə, Avrozonada işsizlik səviyyəsi 8,1% təşkil edib.

"APA-Economics"in "Eurostat"a istinadən verdiyi məlumata görə, bu göstərici fevral ayı ilə müqayisədə 0,1 faiz bəndi azalıb, ötən ilin mart ayı ilə müqayisədə isə 0,8 faiz bəndi artıb. Hesablamalara görə, martda Avrozonada 13,166 mln. nəfər işsiz olub və bu, fevral ayı ilə müqayisədə 209 min az, ötən ilin mart ayı ilə müqayisədə isə 1,614 mln. nəfər çoxdur.

"Eurostat"ın məlumatına görə, hesabat ayında Avrozonada 2,373 mln. gənc işsiz (ümumi gənc əhalinin 17,2%-i) olub ki, bu da fevral ayı ilə müqayisədə 17 min az, ötən ilin mart ayı ilə müqayisədə isə 208 min nəfər çoxdur.

Ölkələrə gəldikdə, mart ayının yekunlarına görə, ən yüksək işsizlik göstəricisi İspaniya (15,3%), İtaliya (10,1%) və Litvada (9,6%) olub. Ən məşğul əhali isə Polşa, Çexiya və Niderlandda olub. Sözügedən ölkələrdə işsizlik müvafiq olaraq 3,1%, 3,2% və 3,5% təşkil edib.