• 8 Dekabr 2021
logo
Azərbaycanla Rusiyanın qarşılıqlı ticarətinin genişləndirilməsi üzrə kompleks tədbirlər görülür

Azərbaycanla Rusiyanın qarşılıqlı ticarətinin genişləndirilməsi üzrə kompleks tədbirlər görülür

Azərbaycanla Rusiya arasında qarşılıqlı ticarətin genişləndirilməsi üçün kompleks tədbirlər görülür.

Azərbaycan İqtisadiyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, bunu iqtisadiyyat nazir müavini Elnur Əliyev Moskvada keçirilən iki ölkənin İşgüzar şuralarının geniştərkibli birgə iclasında çıxış edərkən deyib.

O, ölkələri arasında münasibətlərin inkişafında qarşılıqlı səfərlərin, yüksək səviyyəli görüşlərin mühüm əhəmiyyətini vurğulayaraq bildirib ki, hazırda Azərbaycanda 1 000-dən çox Rusiya şirkəti fəaliyyət göstərir.

Qeyd olunub ki, Rusiyada Azərbaycanın ticarət nümayəndəliyinin, Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin açılması, qarşılıqlı ticarət missiyalarının həyata keçirilməsi və hər iki ölkə şirkətlərinin iştirakı ilə Azərbaycanda və Rusiyada keçirilən beynəlxalq sərgilər, birgə layihələrin icrası belə tədbirlərdəndir. Azərbaycanın Rusiya ilə ticarət və investisiya sahələrində əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdıran E. Əliyev biznes təşəbbüslərinin stimullaşdırılmasında, işgüzar dairələr arasında əməkdaşlığın inkişafında və yeni tərəfdaşlığın qurulmasında Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar şuralarının rolunu qeyd edib.

Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç ölkəsinin Azərbaycanla münasibətlərə böyük önəm verdiyini, Rusiya və Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrin inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, kənd təsərrüfatı, nəqliyyat, sənaye və s. sahələrdə əməkdaşlıq imkanları genişdir və bu baxımdan işgüzar şuraların fəaliyyəti önəmlidir. D. Volvaç ikitərəfli iqtisadi əlaqələrin inkişafında iş adamlarının rolunu qeyd edərək, onları fəal əməkdaşlığa dəvət edib.