• 4 Dekabr 2021
logo
AİB-in kredit portfeli ötən il 11,2% artıb

AİB-in kredit portfeli ötən il 11,2% artıb

Ötən il Asiya İnkişaf Bankının (AİB) üzv ölkələrə ayırdığı kreditlərin həcmi 11,2% artaraq 2020-ci ilin dekabrın 31-i tarixinə 185,588 mlrd. ABŞ dolları təşkil edib.

"APA-Economics"in bankın maliyyə hesabatına istinadən verdiyi məlumata görə, ümumi portfelin 176,139 mlrd. dolları suveren kreditlər, qalan 10,194 mlrd. dolları isə özəl sektora tərəfindən cəlb olunmuş kreditlər təşkil edib. Sözügedən məbləğin 129,788 mlrd. dolları üzv ölkələr tərəfindən müxtəlif layihələr üçün istifadə olunub və həmin ölkənin passivinə bank qarşısında bağlanmamış kreditlər kimi daxil olub.

Bundan əlavə, bankın ümumi portfelinin 46,227 mlrd. dolları hələ ölkələr tərəfindən mənimsənməyib, 7,251 mlrd. dollarlıq qalan hissəsi isə səmərəsiz sayılır – yəni bu məbləğ üzrə kredit müqavilələri artıq imzalanıb, lakin kredit qaydalarında və müqavilələrindəki göstərilmiş effektivliyə hələ nail olunmayıb.

Qeyd edək ki, AİB-in kredit portfelindən ən yüksək paya Hindistan (16,29%), Çin (15,25%) və Pakistanın (9,26%) malikdir. 2020-ci ilin dekabrın 31-nə AİB-in sözügedən ölkələrdəki ümumi kredit portfeli müvafiq olaraq 30,353 mlrd. dollar, 28,418 mlrd. dollar və 17,258 mlrd. dollar təşkil edir.