• 24 Aprel 2024
logo
IATA dünya aviaşirkətlərinin xalis zərər üzrə proqnozunu yenidən pisləşdirib

IATA dünya aviaşirkətlərinin xalis zərər üzrə proqnozunu yenidən pisləşdirib

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) 2020-2021-ci illərdə dünya aviaşirkətlərinin konsolidə edilmiş xalis zərər proqnozunu yenidən pisləşdirib.

"APA-Economics"in IATA-ya istinadən verdiyi məlumata görə, assosiasiya aviasənayenin keçən ilki zərərini 126,4 mlrd. ABŞ dolları olduğu təxmin edir, halbuki ötən ilin noyabr ayında zərərin 118,5 mlrd. dollar, ondan əvvəl isə (iyunda) 84,3 mlrd. dollar olacağı proqnozlaşdırılırdı. Cari ilin sonuna zərərin 47,7 mlrd. dollar olacağı gözlənilir. Noyabrda builki zərər 38,7 mlrd. dollar, iyunda isə 15,8 mlrd. dollar olacağı gözlənilirdi.

IATA qeyd edir ki, bu il aviaşirkətlərin sərnişin axını təxminən 2,4 mlrd. nəfər təşkil edə bilər, bu da keçən ilin göstəricisindən 30% çox, lakin pandemiyadan əvvəlki göstəricidən (2019-cu illə müqayisədə) 47% azdır.

Sənayenin gəlirləri 458 mlrd. dollar (2020-ci illə müqayisədə 23% çox, 2019-cu illə müqayisədə 45% az), xüsusən sərnişin dövriyyəsindən – 231 mlrd. dollar (+22% / -62%), yükdaşımalardan isə 152 mlrd. dollar (+19% / +50%) olacağı proqnozlaşdırılır ki, bu da sözügedən seqment üçün tarixi maksimum olacaq.

Xatırladaq ki, daha əvvəl IATA aviadaşımaların yalnız 2024-cü ildə böhrandan əvvəlki səviyyəyə qayıdacağını proqnozlaşdırırdı.