• 9 Dekabr 2024
logo
Bakı Limanının yük dövriyyəsi 17% artıb

Bakı Limanının yük dövriyyəsi 17% artıb

Cari ilin ilk rübündə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də (Bakı Limanı) əsas xidmətlər üzrə nəzərə çarpacaq artım müşahidə olunub.

Limandan “APA-Economics”ə verilən məlumata görə, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun mühüm hissəsi olan limanda, ilk rüb ərzində ümumi yükaşırmanın həcmi 1.4 mln. tondan çox olub ki, bu da 2020-ci ilin müvafiq göstəricisindən 16.7% çoxdur.

Məlumata görə, bu ilin ilk 3 ayında tranzit yüklərin payı ümumi yükaşırmanın 93%-ni təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 22%-lik artım deməkdir.

Qeyd edək ki, 2021-ci ilin ilk rübündə aşırılan iri həcmli nəqliyyat vasitələrinin (TIR) sayı keçən ilin müvafiq dövrünə nisbətən artım müşahidə olunaraq 9 165 ədəd olub. Bunlardan 6 605 ədədi (72%) Bakı-Türkmənbaşı-Bakı, 2 560 ədədi isə (28%) Bakı-Kurık-Bakıistiqamətində hərəkət edibdir. Aşırılan konteynerlərin sayında isə 30% artım qeydə alınıb və konteynerlərin sayı TEU ekvivalentində 9 261-ə çatıb.

Bu ilin birinci rübündə Quru yük terminalında aşırılan yüklərin həcmi isə ötən ilin eyni dövrü ilə müqayisədə 51.5% artaraq, 290 883 ton olub ki, bu yüklərin əsas hissəsini də Türkmənistan mənşəli gübrə məhsulları təşkil edib.

Digər ciddi artımlardan biri isə Dübəndi neft terminalında aşırılan neft və neft məhsullarının həcmində qeydə alınıb. Belə ki, 2021-ci ilin ilk rübündə aşırılan neft və neft məhsullarının həcmi 437 310 ton təşkil edib.

Bərə terminalında isə müvafiq dövrdə 6 611 vaqon aşırılıb. Bunlardan, 4 897 vaqon Bakı-Türkmənbaşı-Bakı (74%), 1 714 vaqon isə Bakı-Kurık-Bakı (26%) istiqamətində hərəkət edib.