Asiya İnkişaf Bankının (AİB) hesablamalarına görə, 2020-ci il ərzində azərbaycanlı əmək miqrantları ölkəyə 1,15 mlrd. ABŞ dollarına yaxın pul göndəriblər.
"APA-Economics"in AİB-ə istinadən verdiyi məlumata görə, bu göstərici 2019-cu illə müqayisədə 10,1% azdır.
COVID-19 pandemiyası fonunda qlobal miqyasda 2020-ci ildə əmək miqrantları tərəfindən göndərilən pul baratlarının həcmi isə təxminən 7% azalaraq 666 mlrd. dollara enib.
Asiya qitəsinə gəldikdə, ümumilikdə, bu ölkələrə əmək miqrantları tərəfindən göndərilən pul köçürmələri təqribən 7,4% azalaraq 287 mlrd. dollara enib. Pul köçürmələrinin ən yüksək konsentrasiyası Hindistan, Çin və Filippində cəmləşib. İlkin hesablamalara görə, 2020-ci ildə sözügedən ölkələrdən olan əmək miqrantları tərəfindən vətənlərinə müvafiq olaraq 75,9 mlrd. dollar, 59,5 mlrd. dollar və 33,3 mlrd. dollar həcmində pul baratları göndərilib.
Asiyanın postsovet ölkələrinə gəldikdə, əmək miqrantlarının öz ölkələrinə göndərdikləri vəsaitlərin ən böyük həcmi Özbəkistan və Tacikistanda qeydə alınıb. Sözügedən ölkələrin əmək miqrantları vətənlərinə 2020-ci ildə müvafiq olaraq 3,3 mlrd. dollar və 2,1 mlrd. dollar vəsait göndəriblər. Gürcüstana isə xaricdə işləyən vətəndaşları tərəfindən 1,9 mlrd. dollar həcmində pul baratları daxil olub. Qırğızıstanda bu göstərici 1,9 mlrd. dollar, Qazaxıstanda isə cəmi 458 mln. dollar təşkil edib.