• 30 Noyabr 2020
logo
Nyu-Yorkda ikinci Xəzər Biznes Forumu keçirilib

Nyu-Yorkda ikinci Xəzər Biznes Forumu keçirilib

Nyu-Yorkun Harvard klubunda Xəzər Siyasət Mərkəzi və ABŞ-ın Ticarət Palatası Azərbaycan, Əfqanıstan, Gürcüstan, Qazaxstan, Türkiyə, Türkmənistan və Özbəkistan səfirliklərinin dəstəyi ilə ikinci Xəzər Biznes Forumu keçirilib.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, ABŞ və Trans-Xəzər dəhlizi ölkələri arasındakı strateji tərəfdaşlığa söykənən Nyu-York Xəzər Biznes Forumu Amerika və Xəzər regionu ölkələrinin biznes dairələri üçün geniş imkanlar yaradan aparıcı platformanı təşkil edir.
İki panel iclasından ibarət olan biznes forumu Xəzər Siyasət Mərkəzinin icraçı direktoru Əfqan Nifti salamlama nitqi ilə açıb. Tədbirin əhəmiyyətindən danışan icraçı direktor qeyd edib ki, biznes liderlərini, xarici siyasət ekspertlərini , ABŞ və Xəzər regionu ölkələrinin dövlət rəsmilərini bir araya gətirən Xəzər Biznes Forumu onlara növbəti dəfə yeni istiqamətlər araşdırmaq və yeni investisiya imkanları yaratmaq üçün imkan verir.
Forumda 100-dən artıq şirkətin iştirak etdiyini bildirən Əfqan Nifti, öz növbəsində bütün iştirakçı ölkə səfirliklərinə, tərəfdaşlara və sponsorlara öz təşəkkürünü bildirib.
ABŞ-ın Qafqaz və Şərqi Avropa ölkələri üzrə Dövlət Katibi Mayk Pampeonun əvəzinə foruma qatılan müavini Corc Kent çıxışı zamanı Xəzər regionunun ABŞ üçün vacibliyini vurğulayıb. Həmin ölkələrin müstəqilliklərinin və xarici qüvvələrin təsirindən uzaq olmalarının Amerika üçün önəmli olduğunu qeyd edib.
Eyni zamanda Corc Kent Trans-Xəzər qaz kəmərinin bölgə ölkələrinin marağına xidmət etdiyini və həyata keçirilməsinin əhəmiyyətindən danışıb.
Amerika rəsmisi Cənub Qaz Dəhlizinin İtaliya tərəfinin ən qısa zamanda sonlandırılıb gələn il istifadəyə verilməsinə böyük ümid bəslədiyini bildirib.
Tədbirdə çıxış edən Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Azərbaycan və ABŞ arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafından danışıb. İki ölkə arasındakı ticarət əlaqələrinin sürətlə genişləndiyini bildirən nazir, ABŞ-ın Azərbaycana 10 milyard dollarlıq investisiya yatırdığını vurğulayıb.
Elmar Məmmədyarov çıxışı zamanı Cənub Qaz Dəhlizi lahiyəsinin ABŞ və Avropa tərəfindən çox böyük dəstək gördüyünü bildirib. Nazir CQD-nin İtaliya seqmenti başa çatdıqdan sonra gələn il istifadəyə veriləcəyini qeyd edib.
SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov da öz çıxışında Cənub Qaz Dəhlizi layihəsinə toxunub. E. Nəsirov bildirib ki, İtaliya hissəsi hazır olan kimi Azərbaycan Avropa ölkələrinə enerji mənbəyinin ötürülməsinə hər zaman hazırdır.
Eyni zamanda vitse-prezident Azərbaycanın neft şirkətlərinin ətraf mühitin və suların təmizlənməsi və təmiz saxlanılması üçün vacib addımlar atdığınıda qeyd edib.
Bu il artıq ikincisi keçirilən Xəzər Biznes Forumunda OPIC, John Deere, EBRD kimi 100-dən çox şirkətin iştirak etməsi tədbirin miqyasının ildən ilə genişləndiyini göstərir.
Forumda Xəzər Siyasət Mərkəzinin özəl sektorun yüksək vəzifəli məmurlarını və rəhbərlərini, Xəzər regionu ölkələrinin hökümət üzvlərini dəvət etməkdə məqsədi biznes, investisiya, maliyyələşdirmə imkanlarını, tərəfdaşlar qarşısında duran vəzifələri müzakirə etməkdir.
Xatıraladaq ki, Xəzər Siyasət Mərkəzi Vaşinqtonda fəaliyyət göstərən müstəqil qeyri-kommersiya təşkilatıdır.