• 28 Mart 2024
logo
BTQ ilə Mərkəzi Asiyadan Türkiyəyə konteynerlə yükdaşımalar artıb

BTQ ilə Mərkəzi Asiyadan Türkiyəyə konteynerlə yükdaşımalar artıb

“ADY Konteyner” şirkəti Mərkəzi Asiyadan yüklərin cəlb edilməsi və ölkəmizin ərazisindən keçməklə dəmiryolu ilə Türkiyə və Avropaya nəqli istiqamətində fəaliyyətini davam etdirir.

“ADY Konteyner”dən “APA-Economics”ə verilən məlumata görə, hazırda Özbəkistanın paytaxtı Daşkənddən Türkiyənin İskəndərun şəhərinə gedən 10, Özbəkistanın digər şəhəri Buxaradan Mersinə istiqamət götürən 30 konteyner yoldadır. 40 və 45 futluq konteynerlər Türkmənistanın Türkmənbaşı limanına çatdıqdan sonra fider gəmisinə yüklənərək Bakı limanına gətiriləcək. Daha sonra konteynerlər Bakı-Tbilisi-Qars dəmir yolu ilə Türkiyəyə çatdırılacaq.

Buxaradan yola çıxan daha 15 konteyner isə Bolqarıstana istiqamət götürüb. Bu konteynerlər Türkmənbaşıdan Bakıya çatdırıldıqdan sonra Gürcüstanın Qara dənizdəki limanlarından birinə yola salınacaq. Oradan isə dəniz xətti ilə Bolqarıstana aparılacaq. Özbəkistandan Azərbaycana isə idxal yüklərinin daşındığı 17 konteyner çatdırılacaq. Konteynerlərin təyinat stansiyası Hacıqabuldur.

“Yaxın günlərdə Özbəkistandan Türkiyə və Avropa istiqamətində daha 56 konteynerin dəmir yolu ilə daşınması nəzərdə tutulub”, - şirkətdən bildirilib.