• 28 Mart 2024
logo
Xarici iqtisadi fəaliyyət iştirakçıları "Yaşıl dəhliz" sayəsində 30 mln. manata qənaət ediblər

Xarici iqtisadi fəaliyyət iştirakçıları "Yaşıl dəhliz" sayəsində 30 mln. manata qənaət ediblər

Bu günədək 430 hüquqi və fiziki şəxs tərəfindən idxal əməliyyatları ilə məşğul olmaq üçün Dövlət Gömrük Komitəsindən (DGK) "Yaşıl dəhliz" buraxılış sistemindən icazə əldə edib.

"APA-Economics"in məlumatına görə, bunu “Azərbaycanda Xarici Ticarətin Gömrük Statistikası” adlı konfransda çıxış edən DGK-nın sədri Səfər Mehdiyev deyib.

Onun sözlərinə görə, idxal əməliyyatlarının 40%-i məhz "Yaşıl dəhliz" iştirakçıları tərəfindən həyata keçirilib ki, bu da dəyər baxımından 4,4 mlrd. ABŞ dollar təşkil edib.

"Xarici iqtisadi fəaliyyət iştirakçıları bu sistemin tətbiqindən sonra 25-30 mln. manat həcmində vəsaitə qənaət edə bilib. İxrac əməliyyatlarında da 235 şirkət “Yaşıl dəhliz” iştirakçısı hüququnu əldə edib ki, bu şirkətlərin də ixrac əməliyyatlarında payı 33% təşkil edir. Rəqəm etibarı ilə bu göstərici 4,51 mlrd. dolları üstələyir", - deyə S. Mehdiyev qeyd edib.

O həmçinin əlavə edib ki, ümumilikdə, kənd təsərrüfatı və yeyinti məhsullarının idxalında “Yaşıl dəhliz” iştirakçısı olan şirkətlərin çəkisi 54,7% təşkil edir, gələcək illərdə bu rəqəmin 100%-ə çatdırılması planlaşdırılır.