• 18 Aprel 2024
logo
Azərbaycanın Vergi Məcəlləsinə dəyişikliklər ediləcək

Azərbaycanın Vergi Məcəlləsinə dəyişikliklər ediləcək

Azərbaycanın Vergi Məcəlləsinin yeni strukturunun hazırlanması və mövcud tərtibat formasında dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Dövlət Vergi Xidmətindən verilən məlumata görə, bunu Xidmətin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov deyib.

Onun sözlərinə görə, Vergi Məcəlləsinin strukturunun dəyişilməsinin və yeni redaksiyada hazırlanmasının zəruriliyi bir neçə səbəblə bağlıdır.

"İlk növbədə, Məcəllənin daha anlaşılan olması və rəqabətqabiliyyətliliyinin təmin edilməsi üçün zəruri dəyişikliklər edilməsi vacibdir. İkincisi, ölkəyə xarici investisiyaların cəlb edilməsi baxımından daha stabil Vergi Məcəlləsinə ehtiyac vardır. Xarici investorlar müəyyən zaman intervalında vergi mühitinin sabit qalacağına əmin olmalıdırlar. Üçüncüsü, fəaliyyət sahələri üzrə vergiyə cəlb edilən əməliyyatların detallı şəkildə tənzimlənməsi üçün Vergi Məcəlləsinin yeni strukturuna ehtiyac vardır", - deyə N. İmanov qeyd edib.

Xidmətin Vergi siyasəti Baş İdarəsinin rəisi əlavə edib ki, Azərbaycanın vergi xidmətinin son illərdə əldə etdiyi beynəlxalq təcrübəyə nəzər saldıqda, görmək olar ki, beynəlxalq vergi münasibətlərinə inteqrasiyanın təmin olunması baxımından bütün bunları özündə əks etdirən, daha qlobal xarakter kəsb edən yeni qanunvericilik sənədinin işlənib hazırlanması məqsədəuyğundur.