• 26 Aprel 2024
logo
Dövlət Xidməti: Sahibkarlarla vergi qurumları arasında münasibətlər yeni müstəvidə qurulacaq

Dövlət Xidməti: Sahibkarlarla vergi qurumları arasında münasibətlər yeni müstəvidə qurulacaq

İqtisadiyyat Nazirliyinin rəhbərliyi tərəfindən vergi ödəyiciləri ilə vergi qurumları arasında münasibətlərin yeni müstəvidə qurulması, dialoq formatında görüşlərin keçirilməsi, assosiasiyalarla bağlı görülməli olan işlərin intensivləşdirilməsi barədə tapşırıqlar verilib.

Dövlət Vergi Xidmətindən verilən məlumata görə, bunu Xidmətin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov deyib.

Onun sözlərinə görə, sahibkarların maraqlarını təmsil edən sahibkar birlikləri, assosiasiyaları və digər ödəyici qrupları ilə qarşılıqlı əməkdaşlığa əsaslanan birgə fəaliyyətin təmin edilməsi məqsədilə iqtisadiyyat nazirinin müvafiq əmrinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsində struktur dəyişiklikləri aparılıb, Qanunvericiliyin monitorinqi və sahibkarlıq subyektləri ilə iş idarəsi, o cümlədən idarənin tərkibində Sahibkar birlikləri və assosiasiyaları ilə iş şöbəsi yaradılıb.
“Yeni strukturun formalaşdırılmasında əsas məqsəd birgə fəaliyyət zamanı dövlətlə sahibkarlar arasında münasibətləri dialoq platformasında inkişaf etdirmək, sahibkarların vergi qanunvericiliyi ilə əlaqədar qarşılaşdıqları sektoral problem və çətinliklərin dinlənilməsi, qanunvericilikdə və inzibatçılıqda olan çatışmazlıqların müəyyən edilərək aradan qaldırılmasından ibarətdir”, - deyə N. İmanov qeyd edib.

O həmçinin əlavə edib ki, yeni yaradılan şöbə müxtəlif fəaliyyət sahələri üzrə sahibkarlıq birlikləri və assosiasiyaları, ictimai birliklər, ticarət palataları və digər ödəyici qrupları ilə aktiv ünsiyyətdə olacaq. “Qarşıya qoyulan hədəflərə nail olmaq və qanunvericiliyin tətbiqinin sahibkarlıq subyektlərinin fəaliyyətində yaratdığı müsbət və mənfi halları araşdırmaq üçün bir neçə istiqamətlərdə işlərin görülməsi nəzərdə tutulub”, - deyə N. İmanov qeyd edib.

Xidmətin Vergi siyasəti Baş İdarəsinin rəisi sahibkarlığın qarşısında duran problemlərin müəyyən olunması məqsədilə sahibkar birlikləri və assosiasiyaları ilə mütəmadi olaraq görüşlərin və müzakirələrin təşkil edilməsi, müəyyən edilmiş real problemlərin həlli istiqamətində vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsinə dair təkliflərin verilməsi nəzərdə tutulur.

“Hər şeydən öncə, sektorlar üzrə mövcud problemlər və çətinliklər barədə aydın təsəvvür yaradılmalıdır. Bu məqsədlə ayrı-ayrı sektorlar üzrə fəaliyyət göstərən assosiasiyalarla sistemli bir şəkildə iş aparılacaq. Qeyd edim ki, artıq aktiv fəaliyyət göstərən sahibkar birlikləri və assosiasiyalarla fəal əməkdaşlığa başlanılıb. Hazırda Dövlət Vergi Xidməti tərəfindən müvafiq assosiasiyalarla birgə hər bir vergi növü üzrə sahibkarların qarşılaşdıqları problemlər və çatışmazlıqlar barədə məlumatlar toplanılır. Daha sonra bu məlumatlar emal ediləcək və qarşılıqlı müzakirələr zamanı həmin problemlərin obyektivliyi, habelə alternativ həlləri, yaxud yeni formatın hazırlanması zəruriliyi aydınlaşdırılacaq”, - deyə N. İmanov əlavə edib.