• 26 Aprel 2024
logo
"Petkim" Türkiyədə satış payını 67%-dək artırıb

"Petkim" Türkiyədə satış payını 67%-dək artırıb

Ötən il satış həcmini 12,1 mlrd. lirəyə çatdıran Türkiyədəki "Petkim" neft-kimya kompleksinin (əsas payı SOCAR-a məxsusdur – red.) ümumi gəlirində ölkədaxili satışlarının payı 2019-cu ildəki 60%-dən 67%-ə yüksəlib.

SOCAR-dan verilən məlumata görə, Türkiyənin ilk və yeganə inteqrasiya edilmiş neft-kimya müəssisəsi kimi 2020-ci il boyunca daxili sənaye müəssisələrinin tələbatını prioritet qəbul etdiklərini bildirən "SOCAR Türkiyə"nin emal və neft-kimya bölməsinin rəhbəri, "Petkim"in baş direktoru Anar Məmmədov deyib: "Pandemiya dövründə Türkiyənin ehtiyacı olan neft-kimya xammalını problemsiz təmin etmək üçün var gücümüzlə çalışdıq və fasiləsiz istehsalı həyata keçirdik. Bu dövrdə bütün dünyada neft emalı zavodlarının istehsalı dayandırmaq, yaxud azaltmaq məcburiyyətində qalması səbəbindən xammal tədarükündə problemlə üzləşən bəzi neft-kimya şirkətləri də istehsalı müəyyən müddətə dayandırmalı oldu. "Star" NEZ-lə inteqrasiya şəraitində işləyən "Petkim" isə istehsala ara vermədən xüsusilə ölkədaxili müştərilərin ehtiyaclarını təmin etməyi bacardı".

A. Məmmədovun sözlərinə görə, "Petkim"in daxili bazara yönəlməsi 2019-cu ildə 662 mln. dollar olan ixrac göstəricilərini 2020-ci ildə yarıbayarı azalaraq 363 mln. dollara enməsinə səbəb oldu.

"Ancaq daxili tələbatı ödəmək üçün fasiləsiz çalışmağımız nəticəsində ümumi satış həcmlərimiz və gəlirliyimiz 2019-cu ilə nisbətən artıb", - deyə A. Məmmədov qeyd edib.